ELM VƏ TƏHSİL
Yerli təhsili idarəetmə qurumlarının ictimaiyyətlə əlaqələrə məsul şəxsləri üçün təlim keçirilib
Bakı, 12 mart, AZƏRTAC
Martın 12-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə yerli təhsili idarəetmə qurumlarının ictimaiyyətlə əlaqələrə məsul şəxsləri üçün onlayn təlim keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, təlimdə rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) 100-dən çox əməkdaşı iştirak edib. Təlimi açan təhsil nazirinin müşaviri Elnur Nəsibov media ilə əməkdaşlığın əhəmiyyətinə toxunaraq görülən işlər barədə ictimaiyyətin dolğun şəkildə məlumatlandırılmasının vacibliyini bildirib. Nazirin müşaviri informasiyanın vaxtında və düzgün şəkildə ictimaiyyətə çatdırılmasında medianın rolunun əvəzsiz olduğunu qeyd edib.
Təlimdə iştirak edən ADA Universitetinin müəllimi Şəfəq Mehrəliyeva “Böhran vəziyyətlərinin idarəolunması, böhran vəziyyətlərində kommunikasiya, qurumun imici” mövzusunda təqdimatla çıxış edib.
Daha sonra digər təlimçilər tərəfindən “Press-relizlərin yazılması, xəbər yazma texnikası, xəbər başlıqlarının qoyulması”, “Sorğuların qəbulu və cavablandırılması”, “Yerli təhsili idarəetmə qurumlarının saytının və sosial şəbəkələrdəki səhifələrinin idarə olunması, xəbərlərin sayta yerləşdirilməsi və təhlükəsizlik” mövzularında təqdimatlar edilib.
Təlimdə iştirak edən nazirliyin tabe qurumlarının ictimaiyyətlə əlaqələrə məsul əməkdaşları da mövzu istiqamətində fikir və təcrübələrini bölüşüb, təlimin faydalılığına toxunublar.
Sonra təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, təlimin təşkilində məqsəd regionlarda ictimaiyyətlə əlaqələrə dair iş keyfiyyətinin artırılması, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxslərin peşə bacarıqlarının inkişaf etdirilməsindən ibarətdir. Bu istiqamətdə təlimlərin mütəmadi təşkili nəzərdə tutulur.