“Yerli turizmin inkişafında bələdiyyələrin rolu” layihəsi çərçivəsində tədbir keçirilmişdir
Bakı, 19 sentyabr (AZƏRTAC). “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi Mingəçevir şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Yerli turizmin inkişafında bələdiyyələrin rolu” layihəsini həyata keçirir.
Qurumdan AZƏRTAC-a bildirmişlər ki, layihənin icrası vəziyyətinə həsr olunmuş tədbirdə Mingəçevir, Naftalan, Oğuz, Qax, Şəki, Qəbələ, Ağsu, Zaqatala, Balakən, İsmayıllı şəhər və rayon bələdiyyələrinin üzvləri iştirak etmişlər.
Tədbirdə indiyədək görülmüş işlərə qiymət verilmişdir. Bildirilmişdir ki, layihə çərçivəsində adıçəkilən rayonların əksəriyyətinə səfərlər olmuş və həmin rayonlarda yerli turizmin inkişafında bələdiyyələrin rolu öyrənilmiş, bu sahədə görülən işlərin səviyyəsi müəyyənləşdirilmişdir.
Layihənin əsas məqsədi “Turizm ili” çərçivəsində vətəndaş cəmiyyəti ilə yerli özünüidarəetmə orqanlarının birgə işini təqdim etməklə, ölkəmizdə turizmin inkişafına dəstək vermək, bu sahənin inkişafında xarici ölkələrin qabaqcıl təcrübələrindən faydalanmaqdır.