CƏMİYYƏT
Yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi məqsədilə qanunlarda dəyişiklik ediləcək
![](/files/galleryphoto/2023/3/1200x630/1702892249465125708_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1702892355622019120_1200x630.jpg)
Bakı, 18 dekabr, AZƏRTAC
Dekabrın 18-də Milli Məclisin Elm və təhsil komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, komitə sədri Bəxtiyar Əliyev gündəliyə “Polis haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin (üçüncü oxunuş) daxil edildiyini deyib.
Komitə sədri qanun layihəsi ilə bağlı birinci və ikinci oxunuşlarda geniş müzakirələrin keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, məsələ parlamentin plenar iclasında hər iki oxunuşda deputatlar tərəfindən dəstəklənib və komitədə üçüncü oxunuşa təqdim edilib.
Qeyd olunub ki, sənəddə yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının müdafiəsi məqsədilə layihədə adı çəkilən qanunvericilik aktlarında mövcud normaların Cinayət Məcəlləsinə uyğunlaşdırılması ilə bağlı müvafiq dəyişikliklər nəzərdə tutulub.
Komitə üzvləri dəyişiklikləri məqbul hesab ediblər və qanun layihəsi üçüncü oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.