YEVLAX ŞƏHƏRİNİN GİRİŞ QAPILARI MİLLİ MEMARLIQ ÜSLUBU İLƏ DİQQƏTİ CƏLB EDİR
Yevlax, 3 mart (AZƏRTAC). Martın 3-də Prezident İlham Əliyev Yevlaxdan Mingəçevirə gedərkən Yuxarı Qarxun kəndi tərəfdən Yevlax şəhərinə girişdə aparılmış abadlıq və yenidənqurma işləri ilə tanış olmuşdur.
Burada avtomobil yolunun eni 16 metrə çatdırılmış, daş hasar hörülmüş, 30 ədəd müasir formalı işıq dirəkləri, 10 projektor quraşdırılmışdır. İki təpə üzərində dekorativ gül kollarından və digər tikinti materiallarından istifadə olunmaqla, Azərbaycan Respublikasının simvolik xəritəsi təsvir edilmişdir. Burada eni 16 metr, hündürlüyü 10 metr olan iki alaqapı tikilmişdir.
Ərazidə yaşıllıq salınmış, 10 minə yaxın müxtəlif ağac əkilmiş, ulu öndər Heydər Əliyevin böyük portreti olan lövhə quraşdırılmış, Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılmışdır.