REGİONLAR
Yevlaxda ümumşəhər iməciliyi: Təmiz şəhərdə Yeni ili qarşılayaq VİDEO
Yevlax, 11 noyabr, AZƏRTAC
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yeni il ərəfəsində ümumşəhər iməciliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 11-də səhər saatlarından etibarən şəhərdə kommunal və digər qurumların iştirakı ilə genişmiqyaslı sanitar tədbirlər keçirilib. Gün ərzində prospekt və küçələr, səkilərin kənarları, bordürlər və işıq dirəkləri, məhəccərlər, vitrin və reklam lövhələri yuyulub. Bu işlərdə kommunal xidmət əməkdaşları ilə yanaşı, şəhər sakinləri də yaxından iştirak ediblər.
Yevlax şəhər Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları və texnikası ağac və yaşıllıq zolaqlarını yuyaraq toz-torpaqdan təmizləyib, sınmış ağaclar budanıb, rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən parklar, ictimai yaşayış binalarının girişləri, zibil qutuları dezinfeksiya edilib və digər qurumlar tərəfindən lazımi işlər həyata keçirilib.
Şəhər icra hakimiyyətinin müraciətinə cavab olaraq, fərdi sahibkarlar və özəl sektor nümayəndələri də iməciliyə qoşularaq çalışdıqları mağaza, ictimai iaşə və digər obyektlərin fasadlarını, vitrinləri yuyub və obyektlərinin qarşısını təmizləyib, gül kolları əkiblər.
Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini, şəhər təsərrüfatının müdiri İlqar Hüseynov bildirib ki, şəhərdə sanitar-təmizlik işləri daim nəzarətdə saxlanılır: “Biz “Təmiz şəhərdə Yeni ili qarşılayaq” devizi altında iməcilik təşkil etmişik. Aksiyaya rayon sakinləri, sahibkarlar, ictimaiyyət də həvəslə qoşulub. Şəhərin təmizliyi üçün hamı əlindən gələni edir. Şəhərin küçə və prospektləri, parklar, uşaq əyləncə mərkəzləri təmizlənir, dezinfeksiya olunur. Gül və dekorativ kollar əkilir”.
İməcilik şəhər sakinləri tərəfindən də razılıqla qarşılanır. Şəhər sakini Sərdar Məmmədov deyib: “Mən bu gün şəhərimizdə keçirilən iməciliyi görüb çox sevinirəm, özüm də bu işlərə qoşulmuşam. 60-dan çox yaşım var, indiyədək hələ sakinlərin bu cür yüksək əhval-ruhiyyə ilə iməcilikdə iştirak etməsini görməmişəm. Şəhərimizdə aparılan abadlıq-quruculuq işləri, biz sakinlərin istirahəti üçün yaradılan şərait ürəyimizcədir. Ümummilli lider Heydər Əliyevin anım günü ərəfəsindəyik. Ulu Öndər həmişə Yevlaxı abad, gözəl görmək istəyirdi. Bu gün Ulu Öndərimizin bu istəyi reallaşıb. Yevlax abad, gözəl, səliqəli, təmizliyi ilə seçilən bir şəhərə çevrilib”.