Yol polisi nəqliyyat vasitələrinin arxa şüşələrinə şüarların yazılması ilə bağlı sürücülərə müraciət edib
Bakı, 29 iyul, AZƏRTAC
Son vaxtlar yollarda bəzi sürücülərin digər hərəkət iştirakçılarının diqqətini çəkmək və ya nəyisə reklam etmək məqsədilə nəqliyyat vasitələrinin arxa şüşələrinə müxtəlif məzmunlu şüarlar yazmaları, yaxud fotolar vurmaları halları müşahidə olunur. Bu da bəzən etik normalara zidd olmaqla yanaşı, yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdəndir.
Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildiriblər ki, nəqliyyat vasitələrinin arxa şüşələrində əks etdirilən bu cür faktlar avtomobillərin estetik görünüşünə xələl gətirməklə, insanlar arasında pis fikirlər formalaşdırmaqla yanaşı, hərəkətdə olan avtomobil sürücülərinin istər-istəməz marağını kəsb edir. Belə ki, hərəkətdə olan sürücülər fotolara baxmağa, yazılanları oxumağa çalışırlar ki, bu səbəbdən diqqətləri yoldan yayınır və nəticədə qarşıdakı nəqliyyat vasitəsinə, piyadaya və ya hər hansı maneəyə toxunaraq qəza törədirlər.
Baş Dövlət Yol Polisi İdarəsi bu kimi halların qarşısının alınması məqsədilə avtomobil sahiblərinə və sürücülərə müraciət edərək nəqliyyat vasitələrində bu cür yazılar, fotolar varsa, onların çıxarılmasını xahiş edir. Bildirilir ki, belə nəqliyyat vasitələri dayandırılaraq müvafiq tədbirlər görüləcək.