Yoşihide Suqa: Yaponiya Olimpiya və Paralimpiya oyunlarını planda nəzərdə tutulduğu vaxtda keçirmək niyyətindədir
Tokio, 17 mart, AZƏRTAC
Yaponiya Nazirlər Kabinetinin Baş katibi Yoşihide Suqa bildirib ki, ölkəsi “Tokio-2020” Olimpiya və Paralimpiya oyunlarını planda nəzərdə tutulduğu vaxtda keçirmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, Baş katib bu barədə martın 17-də keçirilən ənənəvi mətbuat konfransı zamanı bəyan edib. Y.Suqanın bu bəyanatı G7 ölkələri liderlərinin koronavirus pandemiyası ilə əlaqədar keçirdikləri fövqəladə videokonfransdan sonra səslənib.
Y.Suqa bildirib ki, Baş Nazir Şinzo Abe G7 ölkələrinin liderlərinə Olimpiya və Paralimpiya oyunlarını tam formatda keçirmək niyyətində olduqlarını bildirib. Baş katibin sözlərinə görə, həmin liderlərdən heç biri Oyunların daha sonraya keçirilməsi barədə fikir səsləndirməyib.
Y.Suqanın bildirdiyinə görə, Yaponiya hökuməti Beynəlxalq Olimpiya Komitəsi, Tokio təşkilat komitəsi və paytaxtın hakimiyyət orqanları ilə birlikdə Olimpiadanı qəbul etmək üçün hazırlıq işlərini davam etdirəcək.
Baş katib, həmçinin bildirib ki, Tokio Olimpiadasının təşkilat komitəsi hökuməti Yaponiyanın Olimpiya məşəli estafetini planda nəzərdə tutulduğu kimi, martın 26-da Fukuşimada qəbul etməyə hazır olması barədə məlumatlandırıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio