Yüksək Qızlar Liqası: “Sumqayıt” “Marxal”ı 11 cavabsız topla məğlub edib
Sumqayıt, 14 mart, AZƏRTAC
Azərbaycan Futbol Federasiyası Assosiasiyasının (AFFA) təşkilatçılığı ilə keçirilən Yüksək Qızlar Liqasında 14-cü turun oyunları oynanılıb.
"Sumqayıt” futbol klubundan AZƏRTAC-a bildirilib ki, klubun qızlardan ibarət komandası "Kapital Bank Arena”nın ehtiyat meydançasında Şəkinin "Marxal” futbolçularını qəbul edib. Sabir Mütəllimovun yetirmələri rəqibini 11 cavabsız topla məğlub edib.
Beləliklə, "Sumqayıt” FK-nın qızlardan ibarət komandası 14 turdan sonra liqanın məğlubiyyətsiz lideridir. Komanda 10 qələbə və 4 heç-heçə əldə etməklə, 34 xal toplayıb. 78 dəfə rəqib torlarını silkələyən komandanın ən çox qol vuran futbolçusu Şəfəq Nəsirova 51 qolla həm də liqanın bombardiridir.