Yüksək Texnologiyalar Parkında Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
Bakı, 12 dekabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında (YTP) Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a YTP-dən məlumat verilib.
Əvvəlcə Ulu Öndərin YTP ərazisindəki büstü önünə gül dəstələri qoyulub.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə Yüksək Texnologiyalar Parkının direktoru iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov çıxış edərək Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından, müstəsna tarixi xidmətlərindən, zəngin siyasi irsinin əhəmiyyətindən danışıb. Vurğulayıb ki, başa çatmaqda olan 2023-cü ilin ən mühüm hadisələrindən biri Ümummilli Lider Heydər Əliyevin 100 illiyinin qeyd edilməsi olub. İl ərzində ölkəmizin hər yerində əlamətdar yubileyə həsr olunmuş müxtəlif tədbirlər - konfranslar, dəyirmi masalar, seminarlar, sərgilər keçirilib, əbədiyaşar liderin xatirəsi ehtiramla anılıb.
Vasif Abbasov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərlik etdiyi bütün dövrlər möhtəşəm quruculuq, tərəqqi və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin qızıl səhifələridir. Xalqımızın və dövlətimizin əldə etdiyi bütün uğurların təməlində Heydər Əliyev siyasəti və işıqlı əməlləri dayanır. Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etməklə tarixin ən şərəfli səhifəsini yazdı. Həmçinin cari ilin sentyabr ayında keçirilən lokal antiterror tədbirləri ilə Qarabağda Azərbaycan Respublikasının Konstitusiya quruluşu bərpa olundu, Prezident İlham Əliyev Azərbaycanın Dövlət Bayrağını Xankəndi şəhərində ucaltdı.
“Dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaratmışdır”, - deyən Vasif Abbasov 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinin bu reallıqların təsbiti olduğunu və müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilərin ölkəmizin bütün ərazisində keçiriləcəyini diqqətə çatdırıb. Bildirib ki, prezident seçkiləri ölkəmizdə demokratiyanın təntənəsinə çevriləcək, Azərbaycan xalqı indiyə qədər olduğu kimi, bu seçkilərdə də öz müdrik qərarını verəcək.
Tədbirdə digər çıxış edənlər Ümummilli Lider Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən, Azərbaycanın inkişafı üçün həyata keçirdiyi islahatların əhəmiyyətindən, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun yüksəlməsində görkəmli şəxsiyyətin misilsiz xidmətlərindən bəhs ediblər.