YUNAN-ROMA GÜLƏŞÇİLƏRİ VƏTƏNƏ QAYITMIŞLAR
Bakı, 7 avqust (AZƏRTAC). Ankarada keçirilən güləş üzrə gənclərin dünya birinciliyində uğurla çıxış edən yığma komandamız vətənə qayıtmışdır. Heydər Əliyev adına Beynəlxalq hava limanında idmançıları Azərbaycan Güləş Federasiyasının rəsmiləri və mətbuat nümayəndələri qarşılamışlar. KİV nümayəndələrinə verdikləri müsahibədə məşqçi və idmançılar bir sıra maraqlı məqamlara aydınlıq gətirmişlər:
Yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Ağalar Aslanov: “Həqiqətən də idmançılarımız əla çıxış etmişlər. Bu sözlər təkcə medal qazanmış güləşçilərə aid deyil. Mən 5-ci yeri tutmuş Rüstəm Əliyev və Murtuza Tağıyev haqqında da bu sözləri deyirəm. Orxan Əhmədov və Həsən Əliyev əvvəldən yarışın favoritləri sayılırdılar və onlar öz çəkilərində həm Avropanın, həm də dünyanın ən güclüsü olduqlarını sübuta yetirmişlər.
55 kq çəkidə dünya və Avropa çempionu Orxan Əhmədov demişdir: “Tbilisidəki Avropa çempionatında qazandığım qələbə məni xeyli ruhlandırmışdı və mən dünya çempionatında da uğurla çıxış edəcəyimə inanırdım. Dünya çempionatında keçirdiyim 4 görüşün 3-də Asiya nümayəndələri ilə qarşılaşdım. Həm finalda qalib gəldiyim İran, eləcə də Qırğızıstan və Qazaxıstan güləşçiləri kifayət qədər güclü rəqiblər idi. Amma nə qədər çətin olsa da, Azərbaycan güləş məktəbinin digərlərindən daha üstün olduğunu sübut etdim və dünya çempionu olduğum üçün çox sevinirəm”.
Həsən Əliyev (60 kq) - dünya və Avropa çempionu: “Öz çəkimin aşkar favoriti sayılsam da, çempionluq mənə çox çətin başa gəldi. Ağır görüşlər keçirdim. Xüsusilə finalda qarşılaşdığım son dünya çempionu türkiyəli idmançı ilə qarşılaşmanın 1-ci hissəsi xeyli ağır alındı. Təbii ki, yerli idmançı ilə güləşdiyimdən hadisələrin istənilən şəkil alacağını gözləyirdim. İlk hissədə edilən xəbərdarlıq da məni ruhdan salmadı. Görüşdən qabaq məşqçi mənə səhv etməməyi və çox diqqətli olmağı tapşırmışdı. Şadam ki sonda qalib gəldim”.