Zaqatalada 122 nəfər könüllü qan verib
Zaqatala, 12 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Sentyabrın 12-də Səhiyyə Nazirliyinin nəzdindəki Milli Hematologiya və Transfuziologiya Mərkəzinin təşkilatçılığı və Zaqatala Rayon İcra Hakimiyyətinin dəstəyi ilə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Zaqatala Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə aksiyası keçirilib. Aksiyanın əsas məqsədi talassemiya və müxtəlif qan çatışmazlığından əziyyət çəkən insanlara kömək göstərmək, onlara dəstək olmaqdır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, gün ərzində davam edən aksiya zamanı ümumilikdə müxtəlif qan qruplarına aid 122 nəfərdən qan götürülüb. Aksiyada xəstəxanada çalışan əməkdaşlar, rayonun ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri, həmçinin könüllü vətəndaşlar fəal iştirak ediblər.