Zaqatalada qanunsuz küçə ticarəti ilə məşğul olan 20-yə yaxın satıcı cərimələnib VİDEO
Bakı, 2 dekabr, AZƏRTAC
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə şəhər ərazisində profilaktik tədbirlər keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, keçirilən tədbirlər zamanı xüsusilə də səkilərdə piyadaların hərəkətini çətinləşdirən, şəhərin estetik gözəlliyinə xələl gətirən və natəmizlik yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb. Polis əməkdaşları həmin şəxslərlə maarifləndirici söhbətlər aparıb, xüsusilə pandemiya dövründə qida məhsullarının antisanitar şəraitdə satılmasının düzgün olmadığını izah ediblər. Ancaq müəyyən edilən yerlərdə bu fəaliyyətlə məşğul olmalarının vacibliyi onların diqqətinə çatdırılıb.
Reyd zamanı qanunsuz küçə ticarəti ilə məşğul olan 20-yə yaxın şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü (Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin görülməsinə görə) maddəsi ilə protokol tərtib olunub.