Zaza Vaşaqmadze: Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik
Tbilisi, 11 aprel, AZƏRTAC
Gürcüstan və Azərbaycan təkcə Cənubi Qafqazda deyil, dünyada tolerant ölkə nüfuzu qazanıb. Bizim ölkələrimizdə insanlar dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq bərabərhüquqludurlar. Onlara qarşı heç bir ayrı-seçkilik yoxdur. Lakin təəssüflər olsun ki, bu iki ölkənin ərazi bütövlüyü pozulub.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaqmadze söyləyib.
Komitə sədri bildirib ki, bu günlər Gürcüstan dövlət müstəqilliyinin 27-ci ildönümünü qeyd edir. 9 Aprel Gürcüstanın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılıb. Biz şəhidlərimizin xatirəsini ehtiramla yad edirik: “20 Yanvar Azərbaycan xalqının, 9 Aprel isə gürcü xalqının şərəf və ləyaqət tarixidir. Biz şəhidlərimizin qanı bahasına müstəqilliyimizi qazandıq. İndi Azərbaycan və Gürcüstan müstəqil dövlətlərdir və demokratik inkişaf yolunda inamla addımlayırlar. Amma yenə də deyirəm, təəssüf ki, ciddi problemlərimiz də var. Hər iki dövlətin ərazi bütövlüyü pozulub. İnsanlar doğma yurd-yuvalarından didərgin düşüblər. Son günlər Azərbaycanın işğal olunmuş ərazilərində atəşkəs yenidən pozulub. Çoxlu insan tələfatı var. Azərbaycan Prezidenti müdrik və praqmatik siyasətçi kimi bu hadisələrə münasibətini bildirdi. Biz Azərbaycan Prezidentinin mövqeyini yüksək qiymətləndiririk, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Bu cür münaqişələr dövlətlərin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həllini tapmalıdır”.
Azərbaycanın işğal olunmuş ərazilərində gedən döyüş əməliyyatlarının genişlənməsindən Gürcüstan dövləti, hökuməti və ictimaiyyətinin də ciddi narahat olduğunu vurğulayan Z.Vaşaqmadze deyib: “Biz bu münaqişənin alovlanmasını istəmirik. Öz ərazilərimizin də sülh yolu ilə azad olunmasına çalışırıq. İstəyirik ki, Cənubi Qafqazda sülh, təhlükəsizlik, bərabərlik və firavanlıq olsun. Azərbaycan bizim yaxın dostumuz, strateji tərəfdaşımızdır. Qonşular arasında münaqişə heç kimə fayda gətirmir. Çalışmalıyıq ki, qonşularla birlikdə, sülh və əmin-amanlıq şəraitində yaşayaq”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi