“Zəfər dastanı” kitabının təqdimat mərasimi keçirilib
Bakı, 14 dekabr, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında Vətən müharibəsinə həsr olunmuş “Zəfər dastanı” kitabının təqdimat mərasimi keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlanılıb.
Tədbirdə Milli Məclisin deputatları tarix elmlər doktoru, professor Musa Qasımlı, filologiya elmləri doktoru, professor Nizami Cəfərov və “Zəfər dastanı” kitabının müəllifi filologiya üzrə fəlsəfə doktoru, professor Rəhilə Soltanqızı iştirak ediblər.
Çıxış edənlər Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi zamanı qazanılmış Qələbədə sərhədçilərimizin şücaətindən söz açıb, milli və sərhəd təhlükəsizliyimiz üçün 30 ilə yaxın müddətdə əsas təhdid olan Ermənistanın ərazilərimizin işğalına son qoyulmasını böyük qürur hissi ilə bir daha qeyd ediblər.
Sonda tədbir iştirakçılarına Şuşa şəhərində keçirilmiş “Xarıbülbül” Festivalından videoçarx nümayiş etdirilib.