Zəfər Günü Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir
Bakı, 8 noyabr, AZƏRTAC
Zəfər Günü Azərbaycan xalqı üçün ən əziz günlərdən biridir. Qırx dörd günlük Vətən müharibəsinin Qələbə ilə nəticələnməsi gücümüzü bütün dünyaya göstərdi. Otuz ilə yaxın müddət ərzində heç bir haqlı tələbimizə və beynəlxalq hüquqa məhəl qoymadan torpaqlarımızı işğal altında saxlayan Ermənistan dövləti, eyni zamanda, onun siyasi rəhbərliyi məğlubiyyətə düçar oldu. Nəhayət ki, Azərbaycan haqq savaşında düşməni məğlub edərək qalib dövlətə çevrildi. Zəfər Günü Azərbaycan tarixinin qəhrəmanlıq salnamədir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov deyib.
O qeyd edib ki, şanlı Qələbəmizi qazandıran bir neçə amili səciyyələndirmək olar: Azərbaycan Ordusunun gücü, diplomatiya, sosial-iqtisadi inkişaf, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi və liderliyi, xalqın qələbə əzmi, dövlət-xalq-ordu birliyi. Şahin İsmayılov əlavə edib: “Ölkəmiz müstəqilliyi bərpa etdikdən sonrakı dövrdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində görülən işlər sürətlə həyata keçirilib. Bu sahəyə göstərilən xüsusi qayğı və diqqət Ordumuzun güclənməsini təmin etdi. İndi Azərbaycan Ordusunun döyüş taktikası dünyanın diqqətini cəlb edir. Təbii ki, hərb sahəsinin inkişafı ölkə iqtisadiyyatı ilə də sıx bağlıdır. Diplomatik sahədə görülən işlər də daxil olmaqla bütün istiqamətlərdə paralel işlər görülüb. Bu işlər Ulu Öndərin dəsti-xətti ilə onun siyasi məktəbinin parlaq nümayəndəsi olan Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilib. Azərbaycan xalqı da bu siyasəti hər zaman dəstəkləyib. Dövlət-xalq-ordu birliyi 44 günlük Vətən müharibəsində aydın şəkildə hiss edildi. Müharibədə ordu sıralarında peşəkarlaşan hərbçilərlə yanaşı könüllü şəkildə döyüşə qatılan çox sayda vətəndaşlarımız da var idi. Bu, ilk növbədə, vətənpərvərlik ruhunun yüksək səviyyədə olmasından xəbər verir”.
“Azərbaycan dövləti postmüharibə dövründə iqtisadi gücünü bir daha göstərdi. Böyük Qayıdış üçün görülən quruculuq işləri miqyas və keyfiyyətinə görə kifayət qədər uğurludur. Bu işlər hələ müharibə bitməmiş başlamışdı. Müharibədən sonra daha da sürətlənən abadlıq-quruculuq işləri hər bir Azərbaycan vətəndaşını qürurlandırır. Düşmənin işğal müddətində məhv etdiyi torpaqlara əsl sahibi tərəfindən yenidən nəfəs verilir. Vətən həsrəti çəkən azərbaycanlılar artıq öz yurdlarına qayıdır. Böyük Qayıdış artıq başlanıb. Yaxın müddət ərzində doğma el obalarından didərgin düşən vətəndaşlarımızın hamısı bu sevinci yaşayacaq. Nə işğal altında olarkən yaşayış məskənlərinin dağıdılması, nə də mənfur düşmənin basdırdığı minalar Böyük Qayıdışa mane ola bilməz”, - deyə Milli Məclisin deputatı vurğulayıb.