SİYASƏT
Zəfər günü ilə bağlı Xorvatiyada tədbir keçirilib
Zaqreb, 8 noyabr, AZƏRTAC
Azərbaycanın Xorvatiyadakı səfirliyinin təşkilatçılığı ilə Zaqreb şəhərinin “Sheraton” otelində Zəfər Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Xorvatiyanın dövlət qurumlarının rəsmiləri, Xorvatiya Parlamenti Sədrinin müavini və Parlament üzvləri, Zaqrebdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, bu ölkədə fəaliyyət göstərən müxtəlif şirkətlərin rəhbərləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan və Xorvatiya Respublikasının Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayıb. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə beynəlxalq mediaya verdiyi müsahibələrə dair videoçarx, həmçinin Vətən müharibəsindən bəhs edən digər videoçarxlar nümayiş olunub.
Tədbir iştirakçıları Ermənistanın ölkəmizə qarşı davam etmiş işğalçılıq siyasəti və onun ağır nəticələri, işğal nəticəsində Azərbaycanın şəhər və kəndlərinin tamamilə viran edilməsi, Vətən müharibəsinin başlanması, Ermənistan tərəfindən Azərbaycanın müxtəlif iri şəhər və yaşayış məntəqələrinin bombalanması, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun əldə etdiyi Zəfər barədə məlumatlandırılıb.
Bununla yanaşı, iştirakçıların diqqətinə çatdırılıb ki, ölkəmiz beynəlxalq hüquq və normalara, o cümlədən BMT Nizamnaməsinə əsasən özünü müdafiə etmək hüququndan istifadə edərək ərazi bütövlüyünü bərpa edib, BMT-nin müvafiq qətnamələrini özü icra edib. Bununla da, Ermənistan tərəfindən torpaqlarımızın 30 illik işğalına son qoyulub.
Tədbirdə, eyni zamanda Ermənistan-Azərbaycan münaqişənin artıq həll olunduğu, region üçün yeni imkanlar yarandığı və bunun Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasına təkan verəcəyi vurğulanıb.
Mərasim daha sonra ziyafət ilə davam edib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Zaqreb