CƏMİYYƏT
Zəfərimizə kölgə salan hər bir şəxsin aqibəti Ruben Vardanyan kimi olacaq – AÇIQLAMA

Bakı, 2 oktyabr, AZƏRTAC
Hazırda Qarabağda hər hansı gərginlik yoxdur. Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu siyasət, Ordumuzun lokal antiterror tədbiri nəticəsində düşməni həm siyasi masada, həm də döyüş meydanında məğlub etdik.
Bunu AZƏRTAC-a açıqlamasında “Həmvətənlərə Dəstək” İctimai Birliyinin təsisçisi, ehtiyatda olan polkovnik-leytenant, hərbi-siyasi ekspert Elmar Hüseyn söyləyib.
O, Ruben Vardanyanın həbs olunması barədə danışaraq deyib: “Birinci Qarabağ müharibəsi zamanı beynəlxalq normalarla yanaşı, insan vicdanına uyğun olmayan vandallıq nümayiş etdirən Ruben Vardanyanın Azərbaycana gətirilməsi Ermənistanın ağır məğlubiyyətinin növbəti göstəricisidir. Dövlətimizin siyasəti haqqında danışan, bizim Zəfərimizi kölgələyən hər bir şəxsin aqibəti Ruben Vardanyan kimi olacaq. Bu ilin əvvəlində dövlətimizin başçısı İlham Əliyev Azərbaycan xalqına müraciətində qeyd etmişdi ki, 2023-cü ildə Qarabağ məsələsi tam həllini tapacaq. Ali Baş Komandan verdiyi sözü artıq tutub. Bütün bu proseslərin “Heydər Əliyev İli” çərçivəsində həyata keçirilməsi təsadüfü deyil. Ulu Öndərin ölkəsi, xalqı ilə bağlı bütün arzuları Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə gerçəkləşir. Tarix boyu Azərbaycan xalqının yaşadığı haqsızlıqlar bu gün Zəfər qazanmış, qürurlu xalq olmağımız üçün zəmin yaradıb”.
Hərbi-siyasi ekspertin sözlərinə görə, əlləri şəhidlərimizin qanına bulaşmış bütün qatillər cəzalanacaq. David Babayanın könüllü təslim olması Ali Baş Komandanımızın iradəsinin qarşısında heç kəsin dayana bilməyəcəyini göstərir.
Digər məsələ isə 30 ildir Qarabağda yaşayan ermənilərin bir çoxu ön səngərdə Azərbaycan əsgərinə atəş açanlardır. Həmin şəxslər isə həbs olunmaqdan qorxduqları üçün ərazini tərk edirlər.
“Bəzi beynəlxalq televiziya kanallarında Ermənistan və ona havadarlıq edən dövlətlərin Azərbaycana qarşı qaralanma kampaniyası həyata keçirdiyini görürük. Xocalıda baş vermiş soyqırımına bütün dünya illərlə səssiz qalıb. İndi isə bəziləri yanlış informasiyalar yaymaqla Azərbaycanı qaralamağa çalışırlar. Odur ki, biz bunlara qarşı daha kəsərli mübarizə aparmalıyıq”, - deyə E.Hüseyn fikrini yekunlaşdırıb.