ELM VƏ TƏHSİL
“Zəngəzur toponiminin qədim etnogenez tarixi” kitabının təqdimatı olub

Bakı, 2 oktyabr, AZƏRTAC
Oktyabrın 2-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin təsisçisi, mərhum alim, cavidşünas, tarixçi, türkoloq, professor Əjdər Tağıoğlunun “Zəngəzur toponiminin qədim etnogenez tarixi” kitabının təqdimatı olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə akademik Teymur Kərimli müəllifin tarixçi, elm xadimi kimi səmərəli fəaliyyətindən, qələmə aldığı əsərlərdən söz açıb. Bildirib ki, Zəngəzur ərazisindəki toponimlərin hamısı qədim türk adlarıdır, sonrakı dövrlərdə ermənilər bu yer adlarını dəyişdirərək tarixi saxtalaşdırmağa çalışıblar. Kitab Zəngəzurun qədim türk-oğuz yurdu olmasını tutarlı faktlarla təsdiq edən qiymətli mənbədir.
Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli Əjdər Tağıoğlunu vətənpərvər bir insan kimi xarakterizə edərək vurğulayıb ki, alim yaradıcılığı boyu Azərbaycanın qədim torpaqlarından olan Zəngəzurun tədqiqinə, onun tarixinin öyrənilməsinə böyük səy göstərib. Təqdim olunan kitab da məhz müəllifin doğma yurda olan sevgi və istəyinin təzahüründən yaranıb.
Toponimika şöbəsinin müdiri dosent Elçin İsmayılov “Əjdər Tağıoğlunun “Zəngəzur toponiminin qədim etnogenez tarixi” əsərilə bağlı fikirlər”, dosent Zülfiyyə Quliyeva “Əjdər Tağıoğlunun “Zəngəzur toponiminin qədim etnogenez tarixi” əsərində Atropatena və Oğuz Albaniyası”, elmi işçi Ayşən İsmayıllı “Əjdər Tağıoğlunun “Zəngəzur toponiminin qədim etnogenez tarixi” əsərində qədim Zəngəzurun kökü” mövzularında məruzələrlə çıxış ediblər.
Bildirilib ki, müəllif əsərində regionumuzun qədim toponimik mənzərəsini yaratmağa nail olub.
Tədbirdə yazıçı-publisist Yunus Oğuz, şair Rüstəm Behrudi, professor Sayalı Sadıqova müəlliflə bağlı xatirələrini bölüşüblər.
Sonda Əjdər Tağıoğlunun övladı, kitabın redaktoru iqtisadçı alim Cavid İsmayıl tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.