REGİONLAR
Zəngilanda Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirilib
Zəngilan, 12 dekabr, A.Yavərzadə, AZƏRTAC
Zəngilanın Ağalı kəndində müasir Azərbaycanın banisi, Ümummilli Lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Mərasimdə Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəliyi, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, Ağalı kəndi tam orta məktəbinin müəllim və şagird heyəti, kənd sakinləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin inzibati binasında yerləşən Heydər Əliyev guşəsində Ulu Öndərin büstü önünə gül dəstələri düzülərək, dünyaşöhrətli siyasətçinin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dahi şəxsiyyətin parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.
İştirakçılar müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin mənalı həyatından və çoxşaxəli fəaliyyətindən söz açıblar.
Daha sonra Ağalı kənd tam orta məktəbində “Heydər Əliyev - Dahi şəxsiyyət” sənədli filmi nümayiş olunub.