Zərdabda Xocalı soyqırımının ildönümü izdihamlı mərasimlə qeyd olunub
Zərdab, 26 fevral, AZƏRTAC
Fevralın 26-da Zərdab şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan tarixinin qanla yazılan səhifələrindən olan Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə mərasim iştirakçıları Xocalı faciəsindən bəhs edən sənədli filmə baxıb, kitab və rəsm sərgiləri ilə tanış olublar.
Ayrı-ayrı çıxışlarda ”Dənizdən dənizə Ermənistan “ arzusu ilə yaşayan bədnam erməni millətçilərinin öz havadarlarının köməyi ilə 200 ildən bəri Azərbaycan xalqına qarşı törətdikləri qətliyamlardan danışılıb. 23 il əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən qırğının XX əsrin ən dəhşətli faciələrindən olduğu diqqətə çatdırılıb.
Çıxışlarda əminliklə vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə getdikcə qüdrətlənən Azərbaycan dövləti silahlı qüvvələrinin səyi nəticəsində soyqırımı qurbanlarının qanını yerdə qoymayacaq, cinayətkar erməni daşnakları öz layiqli cəzalarına çatacaqlar.
Mərasim iştirakçıları Zərdabda soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə kompleksinin ziyarət edib, önünə güllər qoyublar.
Həmin gün rayonun bütün məscidlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə dini mərasimlər keçirilib, dualar oxunub.