Zeynəb Maraqvelidze: Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalıdır
Tbilisi, 11 aprel, AZƏRTAC
Son günlər Azərbaycanın işğal olunmuş ərazilərində, qoşunların təmas xəttində baş verən hadisələr, ermənilərin atəşkəs rejimini pozması nəticəsində hərbçilərin və mülki şəxslərin həlak olması bütün sülhsevər insanlar kimi Gürcüstan ictimaiyyətini də ciddi narahat edir, gürcü qadınların ürəyini ağrıdır”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın 9 Aprel Fondunun üzvü Zeynəb Maraqvelidze söyləyib.
Gürcüstanın torpaqlarının da işğala məruz qaldığını vurğulayan Z.Maraqvelidze deyib: “Biz azərbaycanlıları yaxşı başa düşürük və bütün sülhsevər insanlar kimi, regionumuzda sülhün, əmin-amanlığın tərəfindəyik, zorakılığı qətiyyətlə pisləyirik. Bilmirəm ermənilər niyə bu regionda zorakılığa meyil edirlər. Onlar Azərbaycan torpaqlarında yaxşı yaşayırdılar, amma nə etdilər? Azərbaycanın ərazilərini işğal etdilər, nahaq qanlar tökülür. Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalıdır. Erməni qoşunları işğal etdikləri Azərbaycan torpaqlarından çıxmalıdırlar. Bölgədə sülh hamımız üçün vacibdir”.
Z.Maraqvelidze bildirib ki, Prezident İlham Əliyev torpaqları işğala məruz qalmış bir ölkənin rəhbəri kimi regionda sülhün, təhlükəsizliyin təmin olunmasına çalışır: “O, çıxışında dedi ki, biz istəmirik nə erməni, nə də azərbaycanlı anaların gözü yaşlı olsun. Bu sözlər böyük sülhə çağırışdır. Amma təəssüf ki, Ermənistan tərəfi bunu başa düşmür. Biz Azərbaycanın haqlı mövqeyini müdafiə edirik və inanıram ki, bütün gürcü anaları mənimlə həmrəydirlər”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi