ZUĞULBADA “XƏZƏR ÇOXQÜTBLÜ DÜNYANIN MƏRKƏZİDİR” BEYNƏLXALQ FORUMU AÇILMIŞDIR
Forumda Xəzəryanı ölkələrin - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın, habelə Gürcüstanın nümayəndələri iştirak edirlər.
Forumun keçirildiyi günlərdə iştirakçılara müsabiqə proqramı çərçivəsində Aleksey Şipulinin “Xəzər balladası” (Rusiya), Janar Şurayevanın “Akının kədərli mahnısı” (Qazaxıstan), Ovezovun “Nebitdağın şəfəqi” (Türkmənistan), Əli Şərafəddinin “Xəzərdə adalar” (Azərbaycan), Rəvandi Fədainin “Rəşt Xəzərin incisidir” (İran), Rusudan Kurdianinin “Xəzər hara tələsir” (Gürcüstan) adlı sənədli filmləri təqdim olunacaqdır. İştirakçılar məşhur rejissor Roman Karmenin 1953-cü ildə çəkdiyi “Aleksandr Dümanın Xəzər yürüşü” və “Xəzər neftçiləri haqqında dastan” filmlərinə də baxmaq imkanı qazanacaqlar.
Bundan əlavə, Xəzərin problemlərinə həsr olunmuş məruzələr də dinləniləcəkdir.
Prodüserlər Əli Şərafəddin və Marina Jestovskaya, Azərbaycan Turizm İnstitutunun rektoru, tarix elmləri namizədi Cəfər Cəfərov, təyyarəçi-kosmonavt Anatoli Solovyov və başqaları açılış mərasimində çıxış edərək, tədbirin əhəmiyyətindən və məqsədindən danışmışlar.
Foruma sentyabrın 24-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında yekun vurulacaqdır.