“0 tullantı” yay məktəbinin iştirakçısı olan 40 gənc sertifikat alıb
Bakı, 24 iyul, AZƏRTAC
İyulun 24-də ADA Universitetində “0 tullantı” yay məktəbinin bağlanış mərasimi olub.
“Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, mərasimdə IDEA İctimai Birliyinin və ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin dəstəyi ilə təşkil olunan yay məktəbinin iştirakçısı olan 40 gəncə sertifikatlar təqdim edilib.
Bildirilib ki, müxtəlif universitetlərin bakalavr və magistr pillələrinin tələbələri olan iştirakçılar təlimlər müddətində ətraf mühitin qorunması, xüsusilə də tullantıların idarə edilməsi sahəsi üzrə mütəxəssislərin interaktiv mühazirələrini dinləyib, müzakirələrdə iştirak ediblər. Gənclərə böyük şəhərlərdə tullantıların əsas problemlərdən birinə çevrilməsi, lakin bu işlərin idarə edilərək hətta qazanc mənbəyinə çevrilə biləcəyi barədə məlumatlar verilib. Onlar, həmçinin “Təmiz Şəhər” ASC-nin tullantıların çeşidlənməsi və yandırılması zavodlarının iş prosesini əyani izləyiblər.
Qeyd olunub ki, tələbələr asudə vaxtlarını da yay məktəbinin mövzusuna uyğun təşkil edilən proqram əsasında keçirərək ekoloji intellektual oyunlar oynayıblar. İştirakçılar həm mühazirələrdə, həm məlumat turlarında Azərbaycanda tullantıların idarə edilməsi sahəsində hansı işlərin görüldüyünü, bu sahədə nə kimi problemlərin və potensialın olduğunu öyrəniblər, habelə tullantıların azaldılması, idarə edilməsi məsələlərinə dair ideyalar təklif ediblər. Onlar gələcək fəaliyyətlərində tullantıların idarə edilməsi işləri ilə ciddi və professional şəkildə məşğul olacaqlarını bildiriblər.