ORDU
İranın hərbi gəmiləri Bakıya səfərə gəlib VİDEO
Bakı, 19 oktyabr, AZƏRTAC
Oktyabrın 19-da İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin “Dəmavənd” və “Cövşən” hərbi gəmiləri Bakıya səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, birinci dərəcəli kapitan Əbdülhüseyn Zəfərinin rəhbərlik etdiyi nümayəndə heyətini Bakı Dəniz Vağzalında Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanlığı, İranın ölkəmizdəki səfiri Cavad Cahangirzadə, bu ölkənin hərbi attaşesi polkovnik Əli Səifi qarşılayıblar.
Hər iki ölkənin dövlət himni səsləndirildikdən sonra gəmilərə baxış keçirilib.
Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanının müavini, birinci dərəcəli kapitan Natiq Bağırov jurnalistlərə müsahibəsində bildirib ki, İran Hərbi Dəniz Qüvvələrinin “Dəmavənd” raket və “Cövşən” kater gəmilərinin nümayəndə heyəti ilə Azərbaycana səfəri sülh və dostluq səfəridir. Bu, Azərbaycanın müstəqilliyinin bərpasından sonra İran hərbi gəmilərinin ölkəmizə ilk səfəridir.
Üç gün davam edəcək səfər çərçivəsində İran nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını və Şəhidlər xiyabanını ziyarət edəcək. Qonaqların Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanlığı ilə görüşü, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə səfəri və bir sıra digər tədbirləri nəzərdə tutulub.
Gəmilərin şəxsi heyətinin mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakıda gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi də planlaşdırılır.
Səfər oktyabrın 21-dək davam edəcək.