ELM VƏ TƏHSİL
Azərbaycanın hərb tarixinin öyrənilməsi və təbliğində müxtəlif qurumların səyləri birləşdirilməlidir VİDEO
Bakı, 21 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində (MATM) 26 iyun - Azərbaycan Silahlı Qüvvələr Günü ilə əlaqədar “Hərb tariximizi öyrənək!” adlı tədbir və hərb tariximizə həsr olunan kitabların birinci sərgi-yarmarkasının açılış mərasimi keçirilib.
MATM və Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Akademiyası tərəfindən təşkil edilən tədbirin məqsədi hərb tariximizə həsr olunmuş kitablar barədə ictimaiyyəti məlumatlandırmaq, bu sahədə araşdırmalar aparan alim və mütəxəssisləri tanıtdırmaqdır.
AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı hərb tariximiz barədə danışıb və bu tarixin dərindən öyrənilməsinin vacibliyini vurğulayıb.
Qeyd olunub ki, xalqımızın tarixi keçmişinin öyrənilməsi istiqamətində əməli fəaliyyət göstərən muzey təkcə hərbi xarakterli sərgilərin keçirilməsi ilə kifayətlənmir, elmi və elmi-populyar kitabları da hazırlayır və nəşr etdirir. Onların əksəriyyəti muzeyin fondlarında qorunan materiallara əsaslanır.
Azərbaycan hərb tarixinin öyrənilməsi və təbliğində respublikanın müxtəlif qurumlarının səylərinin birləşdirilməsinin zəruriliyini xüsusi qeyd edən akademik N.Vəlixanlı 2016-cı ildə Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə MATM arasında imzalanmış əməkdaşlıq haqqında memorandumun əhəmiyyətini vurğulayıb.
Sərgidə MATM, Silahlı Qüvvələrin Hərbi Akademiyası, həmçinin fərdi müəlliflərin çap etdirdikləri 60 adda kitab nümayiş olunur.
Tarix elmləri doktoru, Silahlı Qüvvələrin Hərbi Akademiyasının adyunktura və elm şöbəsinin hərb tarixi üzrə professoru Nurulla Əliyev hərb tariximiz barədə danışaraq, onun araşdırılması, öyrənilməsi istiqamətində səmərəli tədbirlərin reallaşdırıldığını bildirib.
Azərbaycan hərb tarixinin öyrənilməsində Hərbi Akademiyanın fəaliyyəti haqqında ətraflı məlumat verən professor N.Əliyev hərb tariximizlə bağlı nəşr olunmuş kitablardan bəhs edib. Alim muzey ilə imzalanmış memorandumun xüsusi önəmi olduğunu söyləyib, xalqımızın qəhrəmanlıq keçmişinin öyrənilməsində birgə tədqiqatların aparılmasının, tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb. Professor N.Əliyev hərb tarixinə dair kitablardan ibarət sərginin təşkilinin böyük əhəmiyyət daşıdığını xatırladıb.
Tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov “Azərbaycan hərbi hissələri Rusiya imperatorlarının mühafizə xidməti tərkibində” mövzusunda məruzə ilə çıxış edib. Alim Azərbaycan hərb tarixinin şanlı səhifələri barədə ətraflı məlumat verib.
Məruzə zamanı fotoşəkillər və rəsm əsərləri təqdim edilib, 1838-1881-ci illərdəki milli hərbi hissələrin rekonstruksiya olunmuş uniforması nümayiş etdirilib.
Sonra tədbir iştirakçıları Azərbaycan hərb tarixinə həsr edilən sərgi-yarmarka ilə tanış olublar.
Sərgi iyunun 23-dək davam edəcək.