ORDU
Rusiyadan alınan hərbi texnikanın ölkəmizə gətirilməsi davam edir VİDEO
Bakı, 24 iyun, AZƏRTAC
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı hökumətlərarası razılaşmaya əsasən və uğurla inkişaf edən hərbi-texniki əməkdaşlıq çərçivəsində ölkəmizə ən yeni hərbi texnikanın plana uyğun çatdırılması həyata keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı limanına gətirilən çoxlu sayda müasir silahlar yaxın vaxtlarda cəbhəboyu zonaya göndəriləcək.
Bu silahlar düşmənin zirehli texnikası, mühəndis-istehkam qurğuları, kiçiksürətli hava hədəfləri, canlı qüvvəsi və digər hərbi obyektlərinin vurulması üzrə Silahlı Qüvvələrimizin ön xətt bölmələrinin döyüş və manevr imkanlarını artıracaq.
Rusiya hərbi texnikası və silahlarının Azərbaycana gətirilməsi davam edəcək.
Eyni zamanda, “Rosoboroneksport” Səhmdar Cəmiyyətinin baş direktoru Aleksandr Mixeyev 26 iyun - Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə
Azərbaycanın Müdafiə Nazirliyinin rəhbərliyinə təbrik məktubu ünvanlayıb.
Təbrikdə qeyd edilir ki, ölkələrimizin birgə səyləri dövlətlərimizə fayda gətirəcək və Azərbaycanın müdafiə qabiliyyətinin möhkəmlənməsinə xidmət edəcək.
Məktubda, həmçinin bildirilir ki, hərbi-texniki əməkdaşlığın inkişafı Azərbaycan xalqının sülh və əmin-amanlığının təmin olunmasında Silahlı Qüvvələrimizin güc və qabiliyyətinin daha da artırılmasına xidmət edəcək.