İngiltərə Premyer Liqası: "Liverpul" çempionatın liderini məğlub edərək turnir cədvəlində üçüncü sıraya yüksəlib VİDEO
Bakı, 14 yanvar, AZƏRTAC
Bu gün İngiltərə Premyer Liqasının 23-cü turunun mərkəzi oyununda "Liverpul" komandası turnir cədvəlində ilk sırada yer alan "Mançester Siti" klubunu qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə hesabı "Liverpul" futbolçuları açıblar. Oyunun 9-cu dəqiqəsində Aleks Okslade-Çamberlein fərqlənib 1:0. İlk hissənin 40-cı dəqiqəsində "Mançester Siti"nin futbolçusu Leroy Sane qonaqların cavab qolunu vurub - 1:1.
İkinci hissənin 59-cu dəqiqəsində Roberto Firminyo gözəl qolla ev sahiblərini yenidən hesabda irəli çıxarıb - 2:1. Altmış birinci dəqiqədə "Liverpul"un heyətində Sadio Mane "Mançester Siti"nin müdafiəçilərin səhvindən istifadə edərək komandasının üçüncü topunu rəqibin qapısından keçirib - 3:1. Bundan yeddi dəqiqə sonra qapıçının önə çıxdığını görən Mohamed Salah hesab arasındakı fərqi üçə çatdırıb - 4:1. 84-cü dəqiqədə "Mançester Siti"nin oyunçusu Bernardo Silva qol vuraraq hesab arasındakı fərqi azaldıb - 4:2. Oyuna əlavə edilmiş dəqiqələrdə İlkay Gündoğan hesab arasındakı fərqi yenidən azaldıb - 4:3. Gərgin idman mübarizəsi şəraitində keçən oyunun sonlarında qonaqların cəhdlərinə baxmayaraq hesabı bərabərləşdirmək mümkün olmayıb. Beləliklə "Liverpul" çempionatın liderinə qalib gələrək top fərqinə görə turnir cədvəlində üçüncü sıraya yüksəlib.
Pep Qvardiolanın baş məşqçisi olduğu komanda Premyer Liqada cari mövsümdə ilk məğlubiyyətə uğrayıb. Xatırladaq ki, “şəhərli”lər sonuncu dəfə 2017-ci il aprelin 5-də "Çelsi"yə 1:2 hesabı ilə uduzmuşdu.
Hazırda "Mançester Siti" 23 oyundan 62 xal toplayaraq turnir cədvəlinə başçılıq edir. "Mançester Yunayted", "Liverpul" və "Çelsi" 47 xalla ikinci-dördüncü yerləri bölüşürlər. Joze Mourinyonun başçılıq etdiyi komanda rəqiblərinə nisbətən bir oyun az keçirib.