REGİONLAR
AQTA nümayəndələri Şəkidə işlə təmin olunmaq üçün müraciət edən vətəndaşlarla görüşüblər VİDEO
Şəki, 15 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndələri dekabrın 15-də Şəki şəhər Heydər Əliyev Mərkəzinin inzibati binasında Qida Təhlükəsizliyi İnstitutunda və yerli struktur bölmələrdə işlə təmin olunmaq üçün müraciət edən vətəndaşlarla görüşüblər. Görüşə Şəki, Qax, Zaqatala, Balakən, Oğuz və Qəbələ rayonlarından Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda işləmək üçün müraciət edən iddiaçılar qatılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcədən elan olunmuş ixtisas istiqamətləri üzrə müraciət edən vətəndaşlarla görüşən Agentliyin sədr müavini Balarəhim Quliyev iş üçün müraciət edən iddiaçıları dinləyib, onların peşəkarlıq səviyyəsi ilə tanış olub. İşlə təmin olunmaq istəyən vətəndaşların müraciətləri qeydiyyata alınıb və vakant vəzifələrə uyğun olan iddiaçılarla bağlı aidiyyəti struktur bölmələrə tapşırıqlar verilib.
Görüşdə vətəndaşlara dövlətimizin başçısının qida təhlükəsizliyi ilə bağlı son dövrlərdə imzaladığı fərman və sərəncamlar haqqında məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, səfər çərçivəsində Agentliyin sədr müavini tikintisi davam edən Şəki Regional Sınaq Laboratoriyasında görülən işlərlə də tanış olub.