REGİONLAR
Quba Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən fermerlərə 68 növ xidmət göstərilir VİDEO
Quba, 29 dekabr, Elxan Yusifli, AZƏRTAC
Quba Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) media üçün təqdimat keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezident İlham Əliyevin 2018-ci il 31 iyul tarixli Fərmanı ilə rayon və şəhər kənd təsərrüfatı idarələri əsasında Dövlət Aqrar İnkişaf mərkəzləri yaradılıb. DAİM-lərin yaradılmasında məqsəd Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələrinin vahid mərkəzdən idarə olunmasını təşkil etmək, fermerlərlə işi gücləndirmək, elektron xidmətlər və innovativ texnologiyadan istifadə ilə bağlı maarifləndirmə işləri aparmaqdır.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov təqdimatda bildirib ki, Quba Dövlət Aqrar İnkişaf Mərkəzində Kənd Təsərrüfatı Nazirliyi və onun tabeli qurumları (Baş Dövlət Texniki Nəzarət Xidməti, Dövlət Baytarlıq Xidməti, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti, Dövlət Fitosanitar Xidməti, Aqrar Elm və İnnovasiya Mərkəzi) tərəfindən bitkiçilik, heyvandarlıq və texniki nəzarət xidmətləri üzrə, ümumilikdə, 68 növ xidmət göstərilir. Quba DAİM-in əməkdaşlarının sayı 53 nəfərdir. Mərkəzin inzibati binasının 1712 kvadratmetr sahəsi var. İnzibati bina üç mərtəbə və bir mansardan ibarətdir. Binada 38 otaq var.
Vüqar Hüseynov qeyd edib ki, Quba DAİM-də bir laboratoriya və mərkəz fəaliyyət göstərir. Quba Regional Aqrokimya Laboratoriyası əkinəyararlı torpaqların aqrokimyəvi tədqiqatlarını, pasportlaşmasını və kartoqramların hazırlanmasını həyata keçirir. Quba Regional Toxum Sertifikatlaşdırma Mərkəzində isə toxumluq əkinlərin aprobasiyası təşkil edilir, toxumların keyfiyyət göstəriciləri müəyyənləşdirilir və sertifikatlaşma aparılır.
Dövlət Aqrar İnkişaf mərkəzlərinin yaradılması ilə ölkədə aqrar islahatların yeni mərhələsinin başladığını deyən nazirlik rəsmisi qeyd edib ki, bu addım aqrar sektorda xidmətlərin göstərilməsində bir sıra üstünlüklər yaradır: “Yeni qurum “vahid pəncərə” prinsipinin tətbiqinə, şəffaflığın artırılmasına, fermerlərlə əlaqə mexanizminin təkmilləşməsinə müsbət təsir göstərəcək. Dövlət Aqrar İnkişaf mərkəzlərinin nəzdində Fermer və Koordinasiya Şuraları da fəaliyyət göstərir. Bu Şuralar fermerlər və fermer assosiasiyalarının təmsilçilərindən təşkil olunur. Şuraların əsas vəzifələri yerlərdə problemləri öyrənmək, onların aradan qaldırılmasına kömək etmək, ictimai nəzarəti həyata keçirmək, subsidiyaların verilməsində şəffaflığı təmin etmək, aqrar sahənin inkişafı ilə bağlı təkliflər verməkdən ibarətdir. Fermer və Koordinasiya Şuraları mövcud problemləri və onların həll yollarını müəyyən etmək üçün fermerlər arasında mütəmadi sosioloji rəy sorğuları keçirəcək”.
Təqdimat çərçivəsində media nümayəndələri Quba Dövlət Aqrar İnkişaf Mərkəzində yaradılmış şəraitlə tanış olublar. Onlara xidmət mexanizminin təşkili, göstərilən xidmətlər barədə geniş məlumat verilib.