REGİONLAR
Beyləqan pambıqçıları 21 min 800 ton məhsul toplayıblar VİDEO
Beyləqan, 11 yanvar, AZƏRTAC
Bu il 9560 min hektarda pambıq becərən beyləqanlı “ağ qızıl” ustaları gərgin zəhmət hesabına yetişdirilmiş məhsulun toplanışını nümunəvi təşkil edirlər.
Beyləqan Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, tarlalardan bu günədək 21 min 800 ton pambıq toplanıb. Hər hektarın məhsuldarlığı orta hesabla 22,8 sentnerdir. Beyləqanlı fermerlər yetişdirdikləri məhsulu son qozasına qədər toplamaq üçün səylə çalışırlar.
"P-Aqro” MMC-nin Beyləqan filialının direktor müavini Səxavət Məmmədov hazırda məhsul yığımı ilə yanaşı, 2019-cu ilin pambıq əkinləri üçün hazırlıq işlərinin də aparıldığını bildirib: “2018-ci ildə 39 fermerlə müqavilə əsasında 710 hektarda pambıq becərmişdik. Bütün aqrotexniki qaydalara əməl edərək tarlalardan 1500 ton məhsul pambıq yığdıq. Hazırda məhsul yığımı başa çatmaq üzrədir. Eyni zamanda, 2019-cu ilin məhsulu üçün fermerlərlə müqavilə bağlanır, pambıq əkiləcək sahələrdə qış şumu aparılır".
2018-ci ildə becərdiyi pambıq tarlasından yüksək məhsul götürən fermer Bayram Cəfərov qazancından razılığını ifadə edib: "4 hektarda pambıq becərmişdik. Düzgün aqrotexniki xidmət sayəsində bol məhsul əldə etmişik. 12 ton pambıq yığmışıq ki, bu da hər hektardan 30 sentner məhsuldarlıq deməkdir. Məhsuldarlıq yüksək olduğu üçün qazancımız da yaxşıdır. 2019-cu ilin pambıq əkini üçün artıq müqavilə bağlamışam. Əminəm ki, yenə yüksək məhsuldarlığa nail olacağam".