Bakıda “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərgi açılıb VİDEO
Bakı, 15 noyabr, AZƏRTAC
Noyabr 15-də Azərbaycan Milli İncəsənət Muzeyində “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərginin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev son illər ölkəmizdə bir sıra beynəlxalq tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Bu baxımdan bu ilin də önəmli tədbirlərlə yadda qaldığını qeyd edib.
Nazir Dünya dini liderlərinin II Bakı Sammiti çərçivəsində keçirilən “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərginin əhəmiyyətini yüksək qiymətləndirib. Vurğulayıb ki, sərgidə Azərbaycanla yanaşı, Türkiyə, Türkmənistan, Özbəkistan, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, İraq, Misir və digər İslam ölkələrinin irsinə həsr olunmuş əsərlər, fotolar sərgilənir.
ISESCO - İslam ölkələrinin elm, təhsil və mədəniyyət təşkilatının keçmiş baş katibi Əbdüləziz bin Osman əl-Tuveycri çıxış edərək Azərbaycanın islam aləmində tutduğu önəmli mövqeyindən danışdı. Qeyd edib ki, Azərbaycan 1991-ci ildən ISESCO-nun üzvü kimi bu təşkilatla çox sıx əlaqələrə malikdir. Bu sərgi bir daha Azərbaycanın dünya mədəniyyətinə, xüsusi ilə də İslam mədəniyyətinə verdiyi önəmi bir daha təsdiq edir. Bu sərginin təşkilinə də görə Azərbaycan hökumətinə öz minnətdarlığımı bildirirəm.
Qeyd edək ki, sərgidə Azərbaycan Milli İncəsənət, Azərbaycan Milli Xalça və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət muzeylərinin kolleksiyalarından eksponatlar da nümayiş etdirilir. Sərgidə nümayiş olunan fotoların müəllifi Etibar Cəfərovdur. İslam ölkələrinin keçdiyi inkişaf yolu günümüzə qədər çatmış monumental tikililərlə, yadigar qoyduqları qalalar, körpülər, qəsrlər, habelə müxtəlif maddi və qeyri-maddi mədəni irs nümunələri və sənət əsərləri ilə səciyyələnir. “İslam sivilizasiyasının mədəniyyət və irsi” adlı bu sərgidə müxtəlif ölkələrdəki İslam memarlıq nümunələrinin fotoşəkilləri təqdim olunur. Məscidlər, türbələr, təhsil ocaqları - mədrəsələr, zəngin kitabxanalar, karvansara, örtülü bazarlar, hamamlar öz inşa prinsipi ilə seçilir.
Müxtəlif xəttatlıq üslubları ilə bəzədilən kitab və əlyazmalar, miniatür əsərləri, memarlıqda divar bəzəkləri, xalça, parça və tikmələrdə istifadə edilən yazılar, bədii metal üzərindəki işləmələrin əksəri sirli islam fəlsəfəsinin təsirindən bəhrələnən rəmzi məna daşıyır.