MƏDƏNİYYƏT
Macarıstandakı diplomatik xeyriyyə bazarında ölkəmiz də təmsil edilib VİDEO
Budapeşt, 24 noyabr, AZƏRTAC
Ölkəmizin Macarıstandakı səfirliyi Budapeşt şəhərində yerləşən “İntercontinental” otelində təşkil olunmuş sayca doqquzuncu diplomatik xeyriyyə bazarında iştirak edib.
AZƏRTAC xəbər verir ki, Macarıstan ictimaiyyətinin böyük maraq göstərdiyi və ənənəvi olaraq ölkə Prezidentinin xanımı Anita Herseqin himayədarlığı altında keçirilən builki tədbirdə 50-yə yaxın ölkənin səfirlikləri və mədəniyyət mərkəzləri iştirak edib.
Hər il olduğu kimi, bu il də xeyriyyə bazarında ölkəmizin Macarıstandakı səfirliyi ayrıca guşə ilə təmsil olunub. Milli mətbəx nümunələrimiz, şirniyyatlar, Azərbaycan istehsalı olan ərzaq məhsulları və suvenirlər xeyriyyə bazarına gəlmiş qonaqlara təqdim edilib.
Tədbirdə yeniyetmə həmyerlilərimiz Ramil və Kamil Şükürov qardaşları Azərbaycan mahnılarını ifa edərək tədbiri daha da şənləndirib.
Yarmarkada iştirak edərək milli guşələrə baş çəkən prezident xanımı A.Herseq Azərbaycan guşəsinə də yaxınlaşıb və xoş təəssüratlarını dilə gətirib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt