Yeni Quba-Xınalıq yolunun bir hissəsində yenidənqurma işləri yekunlaşır VİDEO
Bakı, 25 noyabr, AZƏRTAC
Respublika əhəmiyyətli Quba-Qusar avtomobil yolunun 9-cu kilometrindən ayrılan Alpan-Kürkün-Susay yolunun yenidən qurulması işləri artıq yekunlaşmaq üzrədir. Quba-Susay-Xınalıq avtomobil yolunun sözügedən hissəsinin uzunluğu 24 kilometr təşkil edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində yol 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun hərəkət hissəsi 6 metr, çiyinlərin hər birinin eni 2 metr olmaqla torpaq yatağının eni 10 metr təşkil edir.
Tikinti işləri çərçivəsində yeni tol yatağı inşa edilib, 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib. Bundan başqa, Alpan-Kürkün-Susay avtomobil yolunda 1 düzbucaqlı su keçidi, 61 və 66 metr uzunluğunda 2 körpü tikilib.
Alpan-Kürkün-Susay yolunun davamı olaraq 30 kilometr uzunluğunda Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4,8 kilometr məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən yolun da IV texniki dərəcəyə uyğun tikintisi işlərinə başlanılıb. Hazırda sözügedən hissədə torpaq işləri görülür. Yeni yol infrastrukturu layihəsinin ümumi uzunluğu 58,8 kilometr təşkil edəcək.
Həmçinin layihə üzrə sel sularının və yığılmış yağış sularının yol yatağından kənarlaşdırılması üçün müxtəlif diametrlərə malik 19 dairəvi suötürücü dəmir-beton boruların, 1 düzbucaqlı su keçidinin və 2 körpünün tikintisi nəzərdə tutulur. Xınalıq kəndi istiqamətində yeni avtomobil yolunun tikintisinin 2020-ci il ərzində yekunlaşdırılması planlaşdırılır.
Yolun tikintisi bu ərazidə 8 minədək əhalinin yaşadığı 8 yaşayış məntəqəsini, həmçinin dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən və 5 min illik tarixə malik yaşayış məntəqəsi olan Xınalıq kəndini Quba-Qusar avtomobil yolu ilə birləşdirərək sərnişin və yükdaşımasını xeyli yaxşılaşdıracaq.