ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanan növbəti videoçarx: “Öyrənilmiş çarəsizlik” VİDEO

Bakı, 22 aprel, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi tərəfindən “Fərdi inkişafa dəstək” layihəsi” çərçivəsində hazırlanan növbəti videoçarx psixoloq Martin Seliqmanın rəhbərliyi ilə həyata keçirilən eksperiment haqqındadır: “Öyrənilmiş çarəsizlik”. Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzidən məlumat verilib.
Biz həyatda uğursuzluqla qarşılaşdıqda çox vaxt bunun səbəbini araşdırmırıq və özünəinam hissimiz azalır. Bu isə çarəsizlik duyğusunun baş qaldırmasına səbəb olur. Keçmişdə yaşadığımız uğursuzluqların təkrarlanacağını düşünərək yeni cəhdlər etmirik. Ya passiv qalır, ya da qətiyyətsiz davranırıq. “Öyrənilmiş çarəsizlik” bizim ən böyük düşmənimizdir.
Lakin biz həyata optimist baxmaqla, səhvlərimizdən nəticə çıxarmaqla və daim yeni cəhdlər etməklə öz həyatımızı müsbət istiqamətdə dəyişə bilərik.
Etdiyimiz hər bir cəhd, qazandığımız hər kiçik uğur ümidimizi, inamımızı və bacarıqlarımızı gücləndirir.
Eksperimentin nəticələrindən aydın olur ki, uğursuzluqları təhlil etmək, düzgün nəticələr çıxarmaq və yeni cəhdlər etməklə “öyrənilmiş çarəsizliyi” “öyrənilmiş nikbinlik”lə əvəz edə bilərik.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin “Fərdi inkişafa dəstək” layihəsi” çərçivəsində abituriyentlər, onların valideynləri, o cümlədən vətəndaşlar üçün psixoloji maarifləndirmə və dəstək xidməti həyata keçirilir. Mərkəzin “Facebook” səhifəsində və “YouTube” kanalında, eləcə də layihənin “Pozitiv zəka” səhifəsində müxtəlif mövzulara - öyrənmə motivasiyası və modelləri, şəxsi inkişaf, inam, vərdiş, stres və onun idarə edilməsi, imtahanlara hazırlıq və digər məsələlərə aid videoçarxlara baxmaq olar.