REGİONLAR
Xaçmazın Qımılqışlaq kəndində 480 şagird yerlik məktəb binası əsaslı təmir olunur VİDEO






Xaçmaz, 3 fevral, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunun Qımılqışlaq kəndində 480 şagird yerlik məktəb binası əsaslı təmir olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəmsəddin Sədiyev adına Qımılqışlaq kənd tam orta məktəbinin yenidən qurulmasına ötən ilin iyul ayından başlanılıb.
Məktəbin köhnə binası 1974-cü ildə istifadəyə verilib. Bina istismar müddətini başa vurduğundan əsaslı təmirə ehtiyac yaranmışdı.
Hazırda ikimərtəbəli məktəb binasında son tamamlama işləri görülür. Tədris ocağında 18 sinif otağı, fənn kabinetləri, kitabxana, kompüter otağı, akt və idman zalları fəaliyyət göstərəcək.
İş icraçısı Niyaz Əhmədov bildirib ki, məktəbin ümumi tikinti sahəsi 2114 kvadratmetr təşkil edir. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də inşa olunacaq.
Məktəb binasının təmirinin iki ay ərzində başa çatdırılması nəzərdə tutulub.