SİYASƏT
İtaliyanın Sante Marie bələdiyyəsində Vətən müharibəsinin şəhidlərinin xatirəsi anılıb VİDEO
Roma, 15 oktyabr, AZƏRTAC
İtaliyanın Abruzzo regionunun Sante Marie bələdiyyəsində Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda həlak olmuş şəhidlərimizin anım tədbirləri keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Sante Marie bələdiyyə Şurasında yerli ictimaiyyətin nümayəndələrinin iştirakı ilə görüş olub. Sante Marie bələdiyyəsinin sədri Lorenzo Berardinetti və Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə çıxış edərək ölkələrimiz arasında sıx əlaqələrin mövcudluğundan danışıb, xalqlararası təmaslarının, çətin məqamlarda qarşılıqlı dəstək və həmrəyliyin vacibliyindən söz açıblar. Bu xüsusda, M.Əhmədzadə Vətən müharibəsi dövründə Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirmiş İtaliyanın çoxsaylı şəhər və bələdiyyəsi arasında Sante Marie bələdiyyəsinin də olmasına görə bələdiyyə rəhbərliyinə və bələdiyyə Şurasının üzvlərinə təşəkkürünü bildirib.
Tədbirdən sonra Sante Marie bələdiyyəsinin “Don Beniamino” zalında Azərbaycan-İtaliya dostluğuna və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş konsert keçirilib. Konsertdə İtaliyanın "I Bricconcello" kamera ansamblının üzvləri pianoçu Luciano Di Giandomenico və violonçel ifaçısı Pierluici Ruccieronun ifasında hər iki ölkənin klassik və xalq musiqi nümunələri təqdim olunub. Konsertdə İtaliya musiqiçilərinin ifasında təqdim edilən “Sarı gəlin” xalq mahnısı və Fərhad Bədəlbəylinin “Şuşa” kompozisiyası xüsusi maraqla qarşılanıb.
Qeyd edək ki, Sante Marie bələdiyyəsi Vətən müharibəsi vaxtı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, etnik təmizləmə, soyqırımı siyasətini pisləyən, Azərbaycan xalqı ilə həmrəylik və ölkəmizin ərazi bütövlüyünə dəstək nümayiş etdirən sənədlər qəbul etmiş İtaliyanın çoxsaylı şəhər və bələdiyyələrindən biri olub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma