FHN: Ötən sutka 20 halda yanğına çıxış üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib VİDEO
Bakı, 21 dekabr, AZƏRTAC
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 20 halda yanğına çıxış və beş halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas olunub. Sutka ərzində FHN-in qüvvələri tərəfindən biri azyaşlı olmaqla dörd nəfər xilas edilib. Həmçinin Mingəçevir şəhərində yaşayış binasının üçüncü mərtəbəsində baş vermiş yanğın zamanı tüstüdən boğulmuş 1940-cı il təvəllüdlü Sərxanov Tofiq Şahlar oğlunun və İsmayıllı rayonunun Zərgəran kəndində torpaq uçqunu altında qalmış 1967-ci il təvəllüdlü Əliyev Vahid Dursunəli oğlunun cəsədləri çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.