Nərimanov rayonunda narkotik vasitələrin onlayn satışı ilə məşğul olan daha iki nəfər saxlanılıb VİDEO




Bakı, 21 dekabr, AZƏRTAC
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatları uğurla davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həyata keçirilən daha bir əməliyyat tədbiri zamanı narkotik vasitələrin satışı ilə məşğul olan iki nəfər - paytaxt sakini Cabir Əliməmmədov və əvvəllər məhkum olunmuş Azər Kərimov tutulublar. Onların üzərindən satış üçün qablaşdırılmış 42 bükümdə 50 qrama yaxın heroin və metamfetamin aşkarlanıb. Araşdırma zamanı həmin şəxslər narkotik vasitələri onlayn yolla satmaq məqsədilə xarici ölkələrdən birinin vətəndaşından aldıqlarını bildiriblər.
C.Əliməmmədov və A.Kərimov Bakıda narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Təqdim edilən faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşası istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.