FHN: Ötən sutka ikisi azyaşlı olmaqla altı nəfər xilas edilib VİDEO
Bakı, 22 dekabr, AZƏRTAC
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 32 halda yanğına çıxış, dörd halda köməksiz vəziyyətdə qalma və bir avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas olunub. Sutka ərzində FHN-in qüvvələri tərəfindən ikisi azyaşlı olmaqla altı nəfər, o cümlədən Quba rayonunun Qonaqkənd qəsəbəsi ərazisində ”Ford” markalı yük avtomobilinin yol kənarına aşması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış sürücü xilas edilib, yanğın zamanı üç nəfər tüstüdən zəhərlənib.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.