DİN: İlin əvvəlindən Sumqayıtda qayda pozuntularına yol verən sürücülər barəsində 51,5 min protokol tərtib edilib VİDEO
Bakı, 22 dekabr, AZƏRTAC
Sumqayıt Şəhər Polis İdarəsinin dövlət yol polisi şöbəsinin əməkdaşları müvafiq tədbirlər planına uyğun olaraq, şəhər ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə profilaktik tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir zamanı əvvəlcə avtobus dayanacaqlarını və yollarını zəbt edən sürücülər müəyyənləşdirilib və barələrində tədbir görülüb. Sürücülər tərəfindən piyadalara yol verilməməsi, habelə piyadaların yol hərəkəti qaydalarını pozması hallarının qarşısının alınması məqsədilə də profilaktik işlər görülüb. Mövcud keçidlərdən istifadə etməyərək öz həyatları ilə yanaşı, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılıb, onlarla maarifləndirici söhbətlər aparılıb. Həmin piyadalara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib.
Tədbir zamanı, həmçinin Sumqayıtdan paytaxt istiqamətində sərnişin daşımaqla məşğul olan “Ford” markalı mikroavtobusun sürücüsü Əli Qasımov da nəzarət-yoxlama qaydasında saxlanılıb. Araşdırma zamanı sürücünün mikroavtobusu sərnişinlərin həyatlarını təhlükə altına qoyaraq narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub. Avtomobildən qablaşdırılmış külli miqdarda marixuana da aşkar edilib. Eyni əməli törədən daha bir sürücünün - Rövşən Zeynalovun da nəqliyyat vasitəsini narkotik vasitə və psixotrop maddələrin təsiri altında idarə etdiyi müəyyənləşdirilib. Hər iki sürücü barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Həyata keçirilən profilaktik tədbir zamanı nəqliyyat vasitələrini spirtli içkinin təsiri altında idarə edən və avtoxuliqanlıq hərəkətlərinə yol verərək digər hərəkət iştirakçılarının həyatını təhlükə altına qoyan sürücülər də saxlanılıblar. Bu sürücülər barəsində də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib.
İlin əvvəlindən indiyə qədər Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən müxtəlif qayda pozuntularına yol verən sürücülər barəsində 51 min 500 inzibati protokol tərtib edilib. Hesabat dövründə 331 nəfər avtomobili sərxoş vəziyyətdə, 285 nəfər nəqliyyat vasitəsini narkotik vasitələrin təsiri altında, 180 nəfər sürücülük hüquqi olmadan idarə etdiyinə görə, 2516 nəfər hərəkəti işıqforun qırmızı işıqda davam etdiyini, həmçinin 16 avtoxuliqan və digər növdən olan yol hərəkəti qaydalarını pozan sürücülər barəsində qanunla nəzərdə tutulan qaydada tədbir görülüb.
Sumqayıt şəhəri ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə bu cür profilaktik tədbirlər mütəmadi qaydada həyata keçirilir.