Çoxuşaqlı ailələrə verilən müavinətlərin artması xəbəri Tovuzun dağ kəndində yaşayan Məmmədovlar ailəsini də sevindirib FOTO VİDEO
Tovuz, 23 dekabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Ölkə vətəndaşlarının sosial rifahının davamlı artırılması, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar ardıcıl və uğurla reallaşdırılan sosial islahatların növbəti mərhələsidir. Dövlət başçısının “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il oktyabrın 16-da imzaladığı Sərəncama əsasən yeni islahatlar mərhələsinə başlanılıb. Bu islahatlar üzrə əməkhaqlarında, müavinət və təqaüdlərdə artımlar 2022-ci ilin əvvəlindən tətbiq olunacaq. 2,1 milyondan çox şəxsi əhatə edən yeni artımlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub.
Ölkəmizdə 6 və daha çox uşağı olan ailələr hazırda çoxuşaqlı ailələr hesab olunur. Prezident İlham Əliyevin 15 aprel 2019-cu il tarixli Fərmanı ilə aprelin 1-dən digər bir çox sosial ödənişlər kimi, 5-dən çox uşağı olan qadınların hər uşağına görə aylıq müavinət də 33 manatdan 55 manata çatdırılmışdı. Yəni, ailədə 18 yaşına çatmamış 6 uşaq varsa, həmin ailəyə aylıq 330 manat, 7 uşaq varsa, 385 manat verilirdi. İndi bu rəqəm də artırılıb. Belə ki, dövlətin sosialyönümlü yeni sosial paketinə daxil olan beşdən çox uşağı olan qadınlara (hər uşağa görə) aylıq müavinətin 55 manatdan 70 manata çatdırılması Azərbaycan Prezidentinin ailə institutunun möhkəmləndirilməsi siyasətinin təzahürdür.
AZƏRTAC xəbər verir ki, Tovuzun dağlı Əsrik Cırdaxan kəndində yaşayan 43 yaşlı Ramin Məmmədovun 9 övladı var. Çoxuşaqlı ailə maddi ehtiyaclarının əsas hissəsini beşdən çox uşağı olan qadınlar üçün ayrılan sosial müavinət hesabına ödəyir. Artıq 7 ildir ki, hər uşağa görə 55 manat müavinət alan ailə gələn ildən müavinətin 70 manata qaldırılmasını sevinclə qarşılayıblar.
“Böyük övladımın 15 yaşı var, kiçiyin isə hələ 1 yaşı tamam olmayıb. Müavinətin artırılması ailəmizin maddi durumuna kömək olacaq. Prezidentimizin bu müavinətləri artırmasına çox sevindik. Ailəmiz adından təşəkkür edirik”, - deyə 9 uşaq atası Ramin Məmmədov bildirib.
Ölkəmizdə 5-dən çox uşağı olan ailələrin sayı 2500-ə yaxındır. Onların uşaqlarının sayı isə 10 mindən çoxdur. Belə ailələrə əlavə güzəştlər də tətbiq olunur.
Qeyd edək ki, müavinət hər bir uşağın 18 yaşı tamam olanadək ödənilir.