Taksi fəaliyyəti ilə məşğul olan şəxs avtomobili narkotik vasitələrin təsiri altında idarə etməsinə görə saxlanılıbVİDEO


Bakı, 24 dekabr, AZƏRTAC
Suraxanı Rayon Polis İdarəsinin dövlət yol polisi şöbəsi əməkdaşlarının həyata keçirdikləri növbəti tədbir zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan daha bir sürücü müəyyənləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Hövsan qəsəbəsində yaşayan Emin Zeynalov idarə etdiyi “Mercedes” markalı avtomobilin sükanı arxasında olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb. İlkin sorğu zamanı sürücü avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyini bildirib. Təyin olunan ekspertiza zamanı Emin Zeynalovun sükan arxasında narkotik vasitənin təsiri altında olduğu sübuta yetirilib. Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Emin Zeynalovun törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib.
Qeyd edək ki, narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücülərin müəyyənləşdirilməsi istiqamətdə polis əməkdaşları tərəfindən tədbirlər ölkənin bütün ərazisində həyata keçirilir.