Yevlaxda şəhid və qazi övladları üçün bayram şənliyi təşkil edilib VİDEO
Yevlax, 27 dekabr, AZƏRTAC
Yevlax şəhərində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində şəhid və qazi övladları üçün bayram şənliyi təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin, rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn igid oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yevlax Şəhər İcra Hakimiyyətinin başçısının müavini Elnarə Əzizova uşaqları bayram münasibətilə təbrik edib, onlara firavan gələcək və şən həyat arzulayıb. Şəhidlərimizin ən müqəddəs amal - Vətənimizin bütövlüyü uğrunda döyüşüb və canlarını fəda etdiklərini qeyd edərək, onların bizlərə əmanət qalan övladlarına diqqət və qayğının hər kəsin mənəvi borcu olduğunu bildirib.
Bayram tədbirində uşaqlar üçün kukla tamaşası nümayiş etdirilib. Şən klounların çıxışı, Şaxta baba və Qar qızın gəlişi uşaqlara sevincli anlar bəxş edib. Uşaqlar klounlarla, Şaxta baba və Qar qızla birgə rəqs edib, şənləniblər. Bayram süfrəsi ətrafında davam edən Yeni il şənliyində uşaqlara hədiyyələr verilib.