Binəqədi Sukanal idarəsindən iki ədəd kombi oğurlayan şəxslər saxlanılıb VİDEO
Bakı, 27 dekabr, AZƏRTAC
Dekabrın 19-da Binəqədi Sukanal idarəsindən Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə müraciət olunaraq bildirilib ki, inzibati binada quraşdırılan dəyəri 4 min manat olan iki ədəd kombi aparatı naməlum şəxslər tərəfindən oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həmin cinayət hadisəsini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elnur Məmmədov və Rövşən Həmidov polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində saxlanılıblar.
Araşdırma zamanı müəyyənləşdirilib ki, Elnur Məmmədov kombiləri oğurlayandan sonra Rövşən Həmidovu hadisə yerinə çağırıb. Daha sonra kombiləri onun avtomobili ilə Nəsimi rayonundakı məişət əşyalarının alqı-satqısı bazarına apararaq dəyər-dəyməzinə satıb. Oğurlanan kombilər polis əməkdaşları tərəfindən aşkarlanaraq maddi sübut kimi götürülüb.
Saxlanılan şəxslər barəsində 5-ci polis bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Zəruri istintaq tədbirləri davam etdirilir. Elnur Məmmədovun Bakı şəhərində digər oxşar cinayətlər törətməsi də istisna edilmir.