CƏMİYYƏT
Daha 62 nəfər müharibə əlilinin müasir 4-cü nəsil protezlə təminatına başlanılıb VİDEO









Bakı, 30 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 44 günlük Vətən müharibəsinə qədərki dövrdə hərbi əməliyyatlarda, habelə hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar yaralanaraq əlilliyi müəyyən olunmuş 62 nəfər şəxsin də yüksək texnologiyalı müasir 4-cü nəsil protezlə təminatına başlayıb.
AZƏRTAC xəbər verir ki, onlar nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində həmin protezlərlə təmin edilir.
Agentliyinin İdarə heyəti sədrinin müavini Elxan Əzizov Birinci Qarabağ müharibəsində yaralanan, xəsarət alan və ətraflarını itirərək protez vasitələrinə ehtiyacı olanlara müasir elektron protez vasitələrinin verilməsi ilə əlaqədar deyib: “Yeni protezlər funksionallığı ilə seçilir, istifadəçilərə digər köməkçi vasitələr olmadan sərbəst hərəkət etməyə, müxtəlif səthlərdə rahat addımlamağa, habelə ayrı-ayrı yerlərdə rahat dönməyə və öz hərəkətlərini dəqiq tənzimləməyə imkan verir. 184 nəfər Vətən müharibəsi iştirakçısı 193 ədəd yüksək texnologiyalı müasir 4-cü nəsil protezlə təmin olunub. Həm Birinci Qarabağ müharibəsində, həm də Vətən müharibəsi iştirakçısı indiyədək 12 min 933 ədəd müxtəlif reabilitasiya vasitəsi ilə təmin edilib. Bu sahədə işlər uğurla davam etdirilir və üzümüzə gələn növbəti ildə də həmin tədbirlərin ardıcıllıqla aparılması nəzərdə tutulub ”.
“Genium” tipli yüksək texnologiyalı protezlərlə təmin edilən Qarabağ müharibəsi iştirakçıları onun rahat və əlverişli olduğunu söyləyiblər. Onlar yeni protezlərlə daha sərbəst və inamlı hərəkət etdiklərini bildiriblər.
Qeyd edək ki, nazirlik tərəfindən Vətən müharibəsi iştirakçılarının son nəsil protezlərlə təminatı prosesi davam edir.