“Müharibə veteranı” statusu aidiyyəti qurumlar tərəfindən Nazirlər Kabineti ilə razılaşdırılmış siyahı əsasında veriləcək VİDEO
Bakı, 30 dekabr, AZƏRTAC
Ötən gün Prezident İlham Əliyevin imzaladığı yeni fərman və sərəncamlar dövlət başçısının sosial sahəyə xüsusi qayğısını təzahür etdirməklə ölkəmizdə vətəndaş rifahının təminatı məqsədilə ardıcıl olaraq reallaşan sosial islahatlar proqramının yeni istiqamətlər üzrə daha da genişlənməsinə imkan verib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm Zəfərlə başa vurduğu Vətən müharibəsinin iştirakçıları daim yüksək diqqət və qayğı ilə əhatə olunublar. Dövlət başçısının 2021-ci il 29 dekabr tarixli Sərəncamı da bunun daha bir nümunəsidir. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövr ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə Sərəncama əsasən yeni ildən “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının Müharibə Veteranı” vəsiqəsi veriləcək.
Aidiyyəti qurumlar tərəfindən bu status Nazirlər Kabineti ilə razılaşdırılmış siyahı əsasında veriləcək və Müharibə veteranı” adı və vəsiqəsi verilmiş şəxslər barədə məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil ediləcək. Həmin altsistemdəki məlumatlar əsasında nazirlik onlara 2022-ci il yanvarın 1-dən proaktiv qaydada Prezidentin aylıq təqaüdünü - 80 manat təyin edəcək.
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov dekabrın 30-da keçirilən brifinqdə deyib.
Nazir müavini bildirib ki, Prezident İlham Əliyevin yeni Sərəncamı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2021-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 manat məbləğində birdəfəlik yardım ödənilməsi aztəminatlı ailələrə sosial dəstək istiqamətində növbəti addımdır. Sərəncam 200 mindən çox ailə üzvü olan 47 min ailəni əhatə edir. Həmin birdəfəlik yardım üçün 4,8 milyon manat ayrılıb. Ünvanlı sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği son 4 ildə 88 faiz artıb və hazırda 280 manatdan çoxdur.
“Dövlət başçısının təsdiq etdiyi yeni qanunla minimum aylıq əmək pensiyasının 20 faiz artımla 200 manatdan 240 manata çatdırılması 65 min pensiyaçını əhatə edəcək. Son 3 ildə minimum pensiyada 2,2 dəfə artım baş verməklə, 110 manatdan 240 manata çatdırılıb. Orta aylıq pensiya son üç ildə 60 faiz artaraq 331 manata, yaşa görə pensiya 358 manata çatıb. Gələn il minimum pensiya pensiyaçılar üçün yaşayış minimumunu 36,4 faiz üstələyəcək, minimum pensiya artımı üçün illik 13,2 milyon manat əlavə vəsait ayrılacaq”, - deyə nazir müavini qeyd edib.
A.Kərimov Prezident İlham Əliyevin 2021-ci il 29 dekabr tarixli Fərmanına əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə fəaliyyətin və həmin sığorta vəsaitlərinin idarə edilməsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçiriləcəyini vurğulayıb. O bildirib ki, hələ 2021-ci il mayın 18-də dövlət başçısının imzaladığı Fərmanla hərbi qulluqçuların və digər bir sıra kateqoriyalardan olan şəxslərin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətlər 2022-ci il yanvarın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib: “Yeni Qanunda nəzərdə tutulan istiqamətlərə uyğun olaraq gələn ilin əvvəlindən nazirlik bu sahədə geniş islahatlar aparacaq. Həm hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası uçot sistemi üzərində yığım prinsipi ilə həyata keçiriləcək, həm də bu sahədə inzibatçılıq təkmilləşdiriləcək, sığorta ödənişlərinin vaxtında və dayanıqlı şəkildə ödənilməsi təmin olunacaq. Müasir, optimal və çevik idarəçilik yaradılacaq. Vətəndaş məmnunluğuna nail olunması üçün xidmətlərin keyfiyyəti artırılacaq. İdarəçilik və xidmətlərin elektron infrastrukturu qurulacaq. Sığorta ehtiyatı formalaşdırılacaq və onun səmərəli idarə olunması nəticəsində əldə olunan vəsaitlər də şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi üçün sərf olunacaq”.