Bayram günlərində hind toyuğuna tələbat artıb – Ağstafadan reportaj FOTO VİDEO
Ağstafa, 31 dekabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Ölkəmizdə hind toyuğu ətinə tələbat ildən-ilə artmaqdadır. İnsan orqanizmi üçün faydalarını saymaqla qurtarmır. Bu ev quşları həm də gəlirli olması ilə diqqəti çəkir. Belə ki, Yeni il ərəfəsində istehlakçıların hind toyuqlarına tələbatı daha da artır.
AZƏRTAC xəbər verir ki, Ağstafada fərdi təsərrüfatlarda bəslənən hind toyuqlarını təsərrüfat sahibləri bu il ötənilkindən baha qiymətə satırlar. Elə buna görə də növbəti illərdə quşçuluğun bu sahəsini bir qədər də genişləndirməkdə maraqlıdırlar.
Hər Yeni il bayramında hind toyuğu ətinin süfrədə olması bir növ ənənə halını alıb. Ağstafa rayonunun ən çox hind toyuğu saxlanan kəndlərindən olan Muğanlıda artıq fərdi təsərrüfat sahibləri bir qədər əvvəldən satışa başlayıblar. Öz həyətində, bazara çıxarmadan bu ev quşlarına rahatlıqla alıcı tapan kənd sakinləri qiymətlərin keçən ildəkindən bir az baha olduğunu deyirlər. “Hind quşlarının satış mövsümü çox qısadır. Satış soyuq aylarda olur. Yazda isə bu quşların ətinə tələbat azalır. Qiymətlər isə fərqlidir. Çəkisindən asılı olaraq 30 manatdan baha satılır”, - deyə təsərrüfat sahibi Azər Mansurov bildirib.
Hind toyuğu ev quşları arasında soyuğa və xəstəliyə dözümsüz olması ilə seçilir. Elə buna görə də hər təsərrüfat sahibi sona qədər bu sahədə uğur əldə edə bilmir.
Alıcılar bu ev quşlarını diri halda aldıqda mümkün qədər fərə hind toyuqlarına üstünlük verirlər. “Hind toyuğunun əti bayramlarda həm də ona görə ənənəvi yeməklərdən birinə çevrilib ki, bu ət pəhriz xüsusiyyəti daşıyır. Təzyiqi qaldırmır, diabet xəstələri qəbul etdikdə problem olmur, yəni ziyanı yoxdur. Hind toyuğunun yaxşı kababı da olur”, - deyə alıcı İsgəndər Nəsibov əlavə edib.
Kür çayı kənarında yerləşən bu kəndin çöllərində təbii bəslənən hind toyuqlarına tülkü və çaqqallar da qənim kəsilir. Ona görə də təsərrüfat sahibləri bu quşları göz önündən uzağa buraxmırlar.
Rayon bazarlarında da digər ev quşlarından fərqli olaraq, hind toyuqları daha çox satışa çıxarılır. Satıcı Almaz İbrahimova ilə söhbətimizdə bildirdi ki, fərə hind toyuğunun ətinin kiloqramı 12-13 manatdan satılır. Qiymətlər keçən il də belə olub. Hind toyuğunun xoruzunun ətinin kiloqramı isə 11-12 manatadır.
Quşçuluqla məşğul olan sakinlər hind toyuqlarının sayının azlığını onun çətin bəslənməsi ilə əlaqələndirirlər. Bir çoxları bu sahəyə vəsait ayırmağa da risk etmir. Lakin təcrübəli təsərrüfat sahibləri hind toyuqlarını tədricən artıraraq, bu sahədən gəlir götürə bilir. Bir ana hind toyuğu il ərzində təxminən 18-22 bala verir.
Qeyd edək ki, yaxşı bəslənmiş, 4-5 kiloqramlıq hind toyuğunun diri halda qiyməti 50-60 manatdır. Hind toyuğunun ətinin tərkibi onun cinsi, yetişdirilmə şəraiti və bəslənilməsinə görə dəyişir. Yağlılığından asılı olaraq hind toyuğunun ətinin enerji dəyəri 110-176 kkal/100q intervalındadır. Yağsız hind toyuğu əti diyetik xüsusiyyətə malikdir. Ətin tərkibindəki zülallar insan orqanizmi tərəfindən asan (95 %-ə qədər) mənimsənilir. Selen və sinklə zəngin olduğundan immun sistemini möhkəmləndirir, tərkibində asan mənimsənilən dəmirin miqdarı çox olduğundan qanazlığı zamanı faydalıdır. Bu növ quş ətinin tərkibində dopamin və noradrenalin hormonlarının sintezində istifadə olunan tirozinin də miqdarı çoxdur. Buna görə də hinduşka ətinin istehlakı insanların əhval-ruhiyyəsini yüksəldir. Həmçinin allergik təsiri az olduğundan uşaqların, hamilə qadınların və xəstə insanların istehlakı üçün tövsiyə edilir.