Yevlaxda torpaq məcralı kanal beton üzlüyə alınıb VİDEO
Yevlax, 5 yanvar, AZƏRTAC
Kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticənin əldə olunmasında əsas şərtlərdən biri əkin sahələrinin suvarma suyu ilə təminatı məsələsidir. Odur ki, ölkəmizin bütün bölgələrində olduğu kimi, Yevlax rayonunda da bu istiqamətdə ardıcıl tədbirlər görülür.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Ariz Mikayılov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Yevlax rayonunda əsas su mənbələri Kür çayı, Əlican çayı, Tərtər çayı, Yuxarı Qarabağ kanalı, Yuxarı Şirvan kanalı və subartezian quyularıdır. İdarənin balansında 80,9 kilometr beton kanal, 112 kilometr latok kanal, 1015 kilometr torpaq kanallar, 1313 kilometr kollektor-drenaj şəbəkəsi və onlar üzərində 3847 ədəd müxtəlif tipli hidrotexniki qurğu, 89 ədəd subartezian və 5 ədəd artezian quyusu, 612 hektar meşə zolaqları mövcuddur. Yevlax Suvarma Sistemləri İdarəsi rayonun 40 min 199 hektar əkin sahəsini suvarma suyu ilə təmin edir. Suvarma əsasən mexaniki və öz axımı ilə aparılır. Öz axımı ilə 27 min 298 hektar, mexaniki üsulla isə 12 min 901 hektar sahə 41 nasos stansiyası vasitəsilə suvarılır.
Əkin sahələrini vaxtında və normasında suvarma suyu ilə təmin etmək məqsədilə Yevlax Suvarma Sistemləri İdarəsi tərəfindən 2021-ci il ərzində bir sıra işlər görülüb. Belə ki, Yuxarı Qarxun kəndində 350 hektar sahənin suvarılması üçün idarənin balansında olan bir aqreqatlı Qaroğlan nasos stansiyasında elektrik avadanlıqları ilə birgə yeni 110 kvt/saat gücündə mühərrik və nasos quraşdırılıb, xidməti torpaq məcralı Qum kanalının 1000 metr hissəsi əsaslı təmir olunaraq beton üzlüyə alınıb. Kanalın beton üzlüyə alınması isə növbəti suvarma mövsümündə su istifadəçilərinin işini asanlaşdıracaq. Ötən il, həmçinin Salahlı beton üzlüklü kanalın bir kilometr hissəsi üzərindəki qurğularla birlikdə əsaslı təmir olunub.
Hazırda tədbirlər planına uyğun olaraq idarənin texnikaları vasitəsilə torpaq məcralı kanallarda və kollektor drenaj şəbəkələrində lildən təmizləmə işləri aparılır.