Vətən müharibəsinin qazilərinin Türkiyədə müalicəsi uğurla davam edir VİDEO
Ankara, 5 yanvar, AZƏRTAC
Artıq ikinci ildir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarını torpaqlarımızı düşmən işğalından azad etmiş qalib xalq olaraq qeyd edirik. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında bu möhtəşəm hissi bizə bəxş edən müqəddəs şəhidlərimizi hər zaman ehtiramla yad edirik, bu yolda sağlamlığını itirən qazilərimizə Allahdan şəfa diləyirik.
AZƏRTAC xəbər verir ki, Yeni ili xaricdə qarşılayan vətəndaşlarımız arasında qazilər və onların valideynləri də olublar. Əlamətdar haldır ki, cəmiyyətimizin ən həssas və sevimli təbəqəsi olan qazilərimiz özləri də hər anda şəhid döyüş yoldaşlarını ehtiramla yad edib ruhlarına dualar oxuyur, qazi cəbhədaşlarına cansağlığı arzu edirlər.
Ankarada müayinə və müalicələrini uğurla davam etdirən qazilərimiz Oğuz Nəzərli və İntiqam Güloğlanlı ilə söhbətlərimiz olduqca səmimi keçdi. Hər iki qəhrəman 44 günlük Vətən müharibəsində igidlik göstərərək yaralanıblar. Göstərilən diqqət və qayğıdan çox razıdırlar.
İgid döyüşçülərimiz kimi qazi Oğuz Nəzərlinin atası da nikbindir. Qazilərimizin müalicəsinə, şəhid və qazi ailələrinin sosial həyatının yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıda minnətdarlığını ifadə edən qazi atası Azər Nəzərli Ankaradakı doğma münasibətə görə bütün Türkiyə xalqına minnətdarlığını ifadə edib.
Daha ətraflı hazırladığımız videomaterialda.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara