Cəbrayılın Şahvəlli kənd sakini illər sonra ata yurduna qovuşdu FOTO VİDEO
Cəbrayıl, 6 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Cəbrayılın ən böyük yaşayış məntəqələrindən biri də Şahvəlli kəndidir. O Şahvəlli ki, erməni işğalından öncə digər yurd yerlərimiz kimi, burada da firavan həyat vardı. Lakin bağ-bağatlı Şahvəllidən indi geriyə dağıdılan evlər qalıb.
AZƏRTAC-ın bölgə müxbiri Şahvəlli kənd sakini Mənsur Fətəliyev ilə Cəbrayıla səfər edib, 27 il Vətən həsrəti çəkən soydaşımızın xatirələrini qələmə alıb.
Yolumuz 27 il erməni əsarətində qalan və 44 günlük Zəfər yürüşündə azadlığa qovuşan Cəbrayıla, Şahvəlli kəndinədir. Yol yoldaşımız isə əslən Cəbrayılın Şahvəlli kəndindən olan Mənsur Fətəliyevdir.
Uzun yol qət etdikdən sonra, nəhayət kəndə çatırıq. Hələ 17 yaşında ikən kəndi məcburi tərk edən və 27 ildən sonra doğma yurduna qovuşan müsahibimizin simasında sevinclə yanaşı, bir qüssə, kədər də var. Mənsur evlərinin qalıqlarına qəmgin-qəmgin baxır. İllər sonra hətta evin arxa hissəsində qalan lavaş bişirmək üçün istifadə olunan sacı tapır, vaxtilə nar dərdiyi ağaclara yenidən toxunur və dərin köks ötürür.
“Mən şəhidlərimizə rəhmət, ailələrinə isə səbir diləyirəm. Ordumuza, Ali Baş Komandan İlham Əliyevə öz adımdan və kəndimizin sakinləri adından minnətdarlığımı bildirirəm ki, bizi bu torpaqlara qovuşdurdu. 1993-cü ildə mən buradan çıxanda 17 yaşım vardı. Məcburi köçkün olduğumuz vaxtlar çadırlarda da yaşamışıq. O zaman ulu öndər Heydər Əliyev məcburi köçkünlərlə hər görüşündə deyirdi ki, “vaxt gələcək, bir gün o torpaqlara dönəcəyik”. Bax, həmin gündür. Biz 27 ildən sonra yenə öz kəndimizdəyik. Ulu Öndərin, məcburi köçkünlərin, bütün Azərbaycanın arzusunu Prezidentimiz İlham Əliyev yerinə yetirdi. Əminəm ki, burada yeni evlər tikiləcək, bizlər də sizi doğma yurdumuzda, abad Cəbrayılımızda qarşılayacağıq”, - deyə M.Fətəliyev söyləyir.
Mənsur deyir ki, hələ ötən əsrin əvvəllərində Şahvəllinin adı Böyük Əhmədli olub. 1901-1920-ci illərdə bu yerlərdən bir çox insan məcburi köçkün düşərək Türkiyənin müxtəlif şəhərlərinə üz tutub. Sovet hakimiyyəti qurulanda isə həmin kənd sakinləri doğma yurdlarına dönə bilmədilər. Növbəti dəfə 1993-cü ildə, Cəbrayıl işğal olunan zaman yenidən Şahvəlli sakinləri məcburi köçkün düşdü. Artıq o acı günlər, iztirab dolu xatirələr geridə qaldı... İndi Cəbrayılda yol boyu irəlilədikcə aparılan tikinti quruculuq işlərinin geniş vüsət aldığını görürük. Cəbrayıl əvvəlkindən də abad və firavan rayona çevriləcək, öz doğma sakinlərinə qucaq açacaq, yarım qalmış arzular yenidən gerçəkləşəcək.
Qeyd edək ki, Şahvəlli kəndində işğaldan öncə kənd təsərrüfatı, əsasən də maldarlıq inkişaf etmişdi. Bundan başqa, kənddə baramaçılıq, üzümçülük və taxılçılıq da inkişaf etmiş kənd təsərrüfatı sahələrindən idi. Kənd erməni işğalı zamanı viran qoyulub. 2020-ci il oktyabrın 19-da isə Azərbaycan Ordusu Şahvəlli kəndini 27 illik erməni işğalından azad edib.